Yuxarı

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri yeni tamaşa hazırlayıblar

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Gənc Tamaçaçılar Teatrının aktyoru Nofəl Vəliyevin tələbələri yeni tamaşanı təhvil verib. 

Nofəl Vəliyev "Report"a açıqlamasında deyib ki, Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsinin II kurs tələbələri M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını ilk dəfə nümayiş etdiriblər.

Onun sözlərinə görə, tamaşanın ilk nümayişi uğurlu olub: "Təhsil Nazirliyinin qərarı ilə yaradılan "Sabah" qrupları Mədəniyyət və İncəsənət Universitetində də fəaliyyət göstərir. Universitetdə "Sabah" qruplarının Teatr və kino aktyorluğu fakültəsinin ikinci kurs tələbələri ilə M.F.Axundovun "Müsyö Jordan həkimi nəbatat və Dərviş Məstəli şah caduguni məşhur" komediyasını hazırladıq. Tamaşanın ilk nümayişini təqdim etdik. Gələcəyin aktyor və aktrisaları rollarının öhdəsindən məharətlə gəldilər. Baxmayaraq ki, onlar II kursda oxuyurlar. Tamaşanın səhnə tərtibatı və kostyumları yüksək səviyyədə hazırlanıb. Səhnə tərtibatında tələbələrimizə yaxından kömək edən Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kostyumlara görə Milli Geyim Evinə təşəkkür edirik".

Xatırladaq ki, tələbələrin hazırladığı tamaşada rolları Orxan İsgəndərli ( Hatəmxan ağa), Sevgin Rzayeva və Xədicə Əsgərli (Şəhrəbanu xanım), Məhəmməd Musayev( Müsyö Jordan), Corc Qafarov (Şahbaz bəy), Çilənay Cəfəri (Şərəfnisə xanım), Könül Ələkbərzadə və Susanə Məmmədova (Xanpəri), Hüseynağa Aslanov( Qulaməli), Anaxanım Sultanlı (Gülçöhrə) Bilal Dəmirov ( Dərviş Məstəli şah) ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru, kursun rəhbəri, əməkdar artist Nofəl Vəliyev, səhnə danışığı müəllimi Nadir Hüseynovdur.

Tələbələrin ifasında hazırlanan tamaşanın yaxın günlərdə teatrlardan birinin səhnəsində geniş tamaşaçılara təqdim ediləcəyi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi