Əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib

Əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib Mədəniyyət və Turizm Nazirliyi adından aktyora fəxri fərman və pul mukafatı təqdim olunub
İncəsənət
5 Oktyabr , 2015 18:16
Əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqında (TXİ) tanınmış aktyor, uzun illər Akademik Milli Dram Teatrında çalışan əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Report"a xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları, rejissorlar, Məcnun Hacıbəyovun ailə üzvləri, sənət dostları iştirak ediblər. Tədbir Məcnun Hacıbəyovun çəkildiyi tamaşalardan hazırlanmış videoçarxla başlayıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, xalq artisti Hacı İsmayilov tədbiri açıq elan edib, əməkdar artistlər Elşən Cəbrayılov və Şəlalə Şahvələdqızı Milli Dram Teatrı və teatrın direktoru İsrafil İsrafilovun adından təbrik məktublarını oxuyublar, həmçinin Mədəniyyət və Turizm Nazirliyi adından Məcnun Hacıbəyova fəxri fərman və pul mukafatı təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət çıxış edərək Məcnun Hacıbəyovun Azərbaycan teatrının fədakar aktyorlarından olduğunu deyib. Bundan sonra Məcnun Hacıbəyova Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi qızıl medalı təqdim edilib.

Xalq artisti Fuad Poladov çıxışında qeyd edib ki, Məcnun Hacıbəyov oynadığı rolların talismanı idi: "Tofiq Kazımov tamaşalarda onun üçün xüsusi rollar yaradardı. Sənin üçün, həmin illər üçün çox darıxmışam. Səninlə bağlı xatirələrimiz çox olub. Sən mənim üçün əziz sənətkarsan Məcnun!"

Daha sonra yubilyar haqqında digər çıxışlar olub və musiqi nömrələri ifa edilib.

Xatırladaq ki, Azərbaycan teatrında maraqlı obrazlar yaradan Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 10 illik orta məktəbi kənddə bitirən M.Hacıbəyov akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. M.Hacıbəyov “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Yarımştat” kimi televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Məcnun Hacıbəyov hazırda Qubanın İkinci Nügədi kəndində yaşayır. 1965-ci ildən Milli Dram Teatrında çalışan Məcnun Hacıbəyovun sonuncu rolu Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında ifa etdiyi rol olub.

Son xəbərlər

Orphus sistemi