Los-Ancelesdə “Yeddi Gözəl” baletinə həsr olunan gecə keçirilib

Los-Ancelesdə “Yeddi Gözəl” baletinə həsr olunan gecə keçirilib Tədbirdə Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri, sənətsevərlər, kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak ediblər
İncəsənət
8 Noyabr , 2016 10:11
Los-Ancelesdə “Yeddi Gözəl” baletinə həsr olunan gecə keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ölkənin milli incəsənət irsinin dəyərli nümunələrindən olan “Yeddi gözəl” baletinə həsr olunan gecə keçirilib.

Bu barədə “Report”a baş konsulluqdan məlumat verilib.

Gecədə “Yeddi gözəl” baletinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyilə 2014-cü ildə Kaliforniyanın San Dieqo şəhərində uğurla keçən, 3 min tamaşaçının izlədiyi Amerika premyerasının video-yazısı nümayiş etdirilib.

Tədbirdə ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Los-Ancelesdə yerləşən Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri, Los-Anceles sənətsevərləri, eləcə də kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkənin zəngin mədəniyyət tarixindən söz açaraq, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ölməz bəstəkar Qara Qarayev tərəfindən bəstələnmiş “Yeddi gözəl” baletinin milli mədəniyyət xəzinəmizin ən qiymətli əsələrindən biri olduğunu vurğulayıb. 

Q.Qarayevin yaradıcılığı və balet haqda məlumat verən diplomat, tədbirin bu tarixdə keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, sözügedən baletin ilk dəfə 1952-ci ilin 6 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulduğunu bildirib. 

Q.Qarayev musiqisinin Amerika dinləyicilərinə yad olmadığını qeyd edən baş konsul, dahi bəstəkarın hələ 1961-ci ildə ABŞ-a səfər edərək məşhur Los-Anceles Musiqi Festivalına qatılmasını və həmin festivalda onun “İldırımlı yollarla” əsərini ikiqat Oskar mükafatçısı, tanınmış bəstəkar Franz Vaksmanın dirijorluğu ilə simfonik orkestrin ifa etməsini diqqətə çatdırıb.

“Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi təmsil etdiyi təşkilat adından çıxış edərək zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmaları üçün yaradılan fürsətə görə təşəkkürünü bildirib. Dəyərli mədəniyyət nümunələrinin sərhəd tanımadığını vurğulayan İ.Xaruzi Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaradtdığını qeyd edib.

Sonra “Yeddi Gözəl” baletinin video-yazısı nümayiş etdirilib. Tamaşaçıların böyük rəğbətinə səbəb olan nümayiş alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi