Yuxarı

"Lermontov Kinofest" festivalında Azərbaycan filmi göstəriləcək

Sübhün səfiri bədii filmi Sankt-Peterburqda iyulun 12-də nümayiş etdiriləcək

Bakı. 8 iyul. REPORT.AZ/ Sankt-Peterburqda "Lermontov Kinofest" Festivalı keçirilir. Festival çərçivəsində iyulun 12-də M.Lermontov adına Sankt-Peterburq Mərkəzi Kitabxanasında rejissor Ramiz Həsənoğlunun "Sübhün səfiri" bədii filmi nümayiş etdiriləcək.

"Report" M.Lermontov adına Sankt-Peterburq Mərkəzi Kitabxanasının rəsmi saytına istinadla xəbər verir ki, 2012-ci ildə ekranlaşdırılan film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Milli Teatrının banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilib.

Filmdə M.F.Axundzadənin Rusiyanın böyük şairləri olan A.S.Puşkin və M.Y.Lermontovla dostluq münasibətləri yer alıb.

M.F.Axundzadənin köməyi ilə şərq ədəbiyyatına, folkloruna bələd olan Lermontov, Azərbaycan dilini də, Mirzə Fətəlinin sayəsində öyrənib.

"Azərbaycan dilini Qafqazın fransız dili" adlandıran M.Lermontov Mirzə Fətəli Axundzadənin köməyi sayəsində "Aşıq Qərib" adlı nağıl yazıb.

Sankt-Peterburqda keçiriləcək tədbirin təqdimatını Azərbaycanın bu şəhərdəki baş konsulu Sultan Qasımov edəcək.

Xatırladaq ki, "Sübhün səfiri" bədii filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Cavanşir Quliyevdir. M.F.Axundzadə obrazını xalq artisti Rasim Balayev, A.Bakıxanov obrazını xalq artisti Fəxrəddin Manafov, M.Lermontov surətini Oleq Əmirbəyov canlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi