Yuxarı

Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Ağ babanın nağılı adlı tamaşanın premyerası yaxın günlərdə baş tutacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub.

"Report" xəbər verir ki, Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı respublikanın əməkdar artisti Anar Hüseynlidir.

Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar vəd edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edir.

Ağlın güc üzərində qələbəsinin komik hadisələr fonunda göstərildiyi tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi