Kukla Teatrında üç yeni tamaşa hazırlanacaq

Kukla Teatrında üç yeni tamaşa hazırlanacaq Mövsümün ilk premyerası “Durna balığı” tamaşası olacaq
İncəsənət
12 Sentyabr , 2017 16:10
Kukla Teatrında üç yeni tamaşa hazırlanacaq

Bakı. 12 sentyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümə dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə başlayacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri sentyabrın 16-da saat 12:00-da və 14:00-da nümayiş etdiriləcək. 

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. 

Teatrın 86-cı mövsümünün açılış günündə rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq.

Yeni mövsümün ilk premyerası isə sentyabrın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatı əsasında hazırlanan səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.

Məlumata görə, Kukla Teatrında ilin sonunadək daha iki tamaşa hazırlanacaq. Bunlardan biri artıq teatrın klassikasına çevrilən “Cırtdan” tamaşasıdır. Bu dəfə ona yeni səhnə həyatını teatrın baş rejissoru Qurban Məsimov verəcək.

Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarov olan tamaşa bu dəfə daha müasir forma və məzmunda təqdim olunacaq. Rejissor və quruluşçu rəssam müasir uşaqların dünyagörüşü və tələblərini nəzərə alaraq səhnə işində yeni kukla texnikaları və daha fərqli dekorasiyadan istifadə edəcəklər.

İlin sonunadək A.S.Puşkinin məşhur “Balıqçı və balıq” nağılı əsasında “Qızıl balıq” adlı tamaşa da hazırlanacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verəcək.

Teatrın yaradıcılıq planına Azərbaycan xalq nağılı “Məlikməmməd”, “Min bir gecə” nağıllarından “Əlibaba və qırx quldur”, eləcə də Ceyms Metyu Barrinin pyesi əsasında məşhur “Piter Pen” tamaşaları da daxil edilib. Bu sıraya müasir Azərbaycan uşaq yazıçılarından birinin də əsəri daxil ediləcək. Hazırda nəzərdə tutulan bir neçə müəllifin əsəri bədii şuranın müzakirəsindədir.

Son xəbərlər

Orphus sistemi