Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq Tamaşanın ssenari müəllifi Səidə Haqverdiyevadır
İncəsənət
26 Sentyabr , 2017 19:47
Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “İnternyus Azərbaycan” İctimai Birliyi ilə birgə “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq. 

Aksiyanın əsas məqsədi fiziki məhdudiyyətli uşaqların istedad və bacarıqlarını üzə çıxarmaqla onlara özlərini realizə imkanı yaratmaqdır.

Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının xüsusi qayğıya ehtiyacı olan balalarımızla birgə ərsəyə gətirdikləri “Sehrli dünya” adlı tamaşa-konsertin ssenari müəllifi studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyevadır.

Uşaqlara bütün məhdudiyyətlərə rəğmən,  öz gücünə, istedad və bacarığına inam aşılayan, birlikdə hər bir maneəni dəf etmək ruhuna kökləyən tamaşanın ardınca rəngarəng konsert proqramı da təqdim olunacaq.

 Müəyyən məhdudiyyətli bu balacalar “Oyuq”un təmsilçiləri ilə birlikdə hər kəsə “Biz birlikdə hər çətinliyə qalib gələrik” çağırışını edəcəklər.

Son xəbərlər

Orphus sistemi