Kukla Teatrında “Cırtdan” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Cırtdan” tamaşasının premyerası keçiriləcək Bakı. 11 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 86-cı teatr mövsümünə iyulun 15-də yekun vuracaq.
İncəsənət
11 İyul , 2018 12:46
Kukla Teatrında “Cırtdan” tamaşasının premyerası keçiriləcək

Bakı. 11 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 86-cı teatr mövsümünə iyulun 15-də yekun vuracaq. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, həmin gün üç seans olmaqla premyera tamaşa nümayiş etdiriləcək.

Saat 12:00 və 14:00 seanslarında teatrsevərlər M. Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyəcəklər. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.

Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.

Saat 16:00 seansında isə rusdilli tamaşaçılara bu klassik nağıl əsasında hazırlanaraq yeni səhnə həlli və adı verilən “Üç cəsur” təqdim olunacaq. Rus bölməsi üzrə ilk dəfə hazırlanan (tərcümə Q. Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.

Tamaşaların nümayişindən sonra müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək təltif olunacaq.

Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edəcək.

Son xəbərlər

Orphus sistemi