Krasnoyarskda Azərbaycan Mədəniyyəti Günü keçirilib

Krasnoyarskda Azərbaycan Mədəniyyəti Günü keçirilib Ansamblın yubileyi təntənəli konsert proqramı ilə qeyd olunub
İncəsənət
2 May , 2017 17:54
Krasnoyarskda Azərbaycan Mədəniyyəti Günü keçirilib

Bakı. 2 may. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk diyarında Azərbycan Mədəniyyəti Günü keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Odlar yurdu” mahnı və rəqs ansamblının yubileyinə həsr olunan mədəniyyət tədbiri Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə təşkil olunub. 

Məlumata görə, diaspor fəalı Səadət Qarayevanın təşəbbüsü və səyi ilə yaradılan xalq ansamblı artıq 10 ildir ki, Azərbaycan mədəniyyətini və tarixini nəinki Sibirdə, eləcə də Rusiyanın digər regionlarında və dünyanın müxtəlif şəhərlərində layiqincə təmsil edir. Krasnoyarsk diyarında demək olar bütün mədəni-kütləvi tədbirlərin iştirakçısı olan ansambl 2011-12-ci illərdə Türkiyədə qastrol səfərində olub, 2015-ci ildə isə kollektivin rəqqasları Tailandda çıxış ediblər.

Ansamblın yubileyi təntənəli konsert proqramı ilə qeyd olunub. Azərbaycan Dövlət Ansamblının solisti Rauf Zenyalov və “Odlar Yurdu” ansabmlının müəllimləri Aqil və Aysel Cəfərovlar, eləcə də Sənubər İsmayılovanın səhnələşdirdiyi “Sarı gəlin” xoreoqrafik tamaşası izləyicilərə təqdim edilib. Tamaşadan öncə isə Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) Krasnoyarsk diyarı regional bölməsinin hazırladığı Azərbaycanın dekorativ incəsənəti, ədəbiyyatı və yaradıcılığına həsr olunan maraqlı sərgi və “Qarabağ çobanlarının rəqsi”, “Cücələr” və qadınların qavalla rəqsi kimi ansamblın sevilən nömrələrindən ibarət konsert proqramı hazırlanıb.

Tədbirdə Krasnoyarsk şəhərinin başçısı Edxam Akbulatov, Krasnoyarsk diyarı mədəniyyət nazirinin müavini Olqa Vasilenko, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin direktoru Pyotr Suvorov, Əmək və Anlaşma Sarayının baş direktoru Valeriy Xatkeviç və digər qonaqlar iştirak edib. “Odlar Yurdu” ansabmlının müəllim heyəti və bədii rəhbəri Krasnoyarsk diyarı ərazisində Azərbaycan mədəniyyətinin qorunması və inkişafında göstərdikləri xidmətlərə görə təşəkkür məktubları və fəxri şəhadətnamələrlə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi