Yuxarı

"Kişi sözü", "Papaq" filmlərini çəkən rejissorun ad günüdür

14 ildir film çəkmirəm, çox darıxmışam

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyev ad gününü qeyd edir. Kinorejissorun 64 yaşı tamam olur.

O, "Report"a açıqlamasında doğum gününü ailəsi ilə keçirəcəyini bildirib. Kinorejissor kino üçün çox darıxdığını da vurğulayıb. Belə ki, Cahangir Mehdiyev 14 ildir kino çəkmir: "Sonuncu dəfə 2000-ci ildə "Hacı Qara" musiqili bədii filmini çəkmişəm. O vaxtdan film çəkmirəm. Əlbəttə, bunun səbəbləri çoxdur. Son illər lap unudulmuşuq. Bizləri yada salan yoxdur. Amma mən ruhdan düşmürəm. Yaradıcılıq qovluğumda bir neçə ssenarilər var. Yazıram, boş oturmuram. Ümidimi 2015-ci ilə bağlamışam. Bu il film çəkmək istəyirəm".

Azərbaycan kinosuna "Kişi sözü", "Papaq", "Girişmə, öldürər", "Hacı Qara" və s. kimi filmlər bəxş edən Cahangir Mehdiyev növbəti dəfə film çəkəcəyi təqdirdə, yenə klassik Azərbaycan ədəbiyyatına müraciət edəcəyini bildirib: "Bu dəfə film çəkmək qismət olsa, Mirzə Cəlilə müraciət edəcəm. Cəlil Məmmədquluzadənin şah əsərlərindən birini götürüb ekranlaşdırmaq istəyirəm. Hələlik hansı əsər olduğunu demirəm. Azərbaycan kinosunda ilk dəfə Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında filmi mən çəkmişəm. Klassik Azərbaycan ədəbiyyatı kimi zəngin qaynağı olan millətin kinosu elə həmin mənbədən qidalanmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi