Yuxarı

Kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib

O, uzun sürən ağır xəstəlikdən sonra vəfat edib

Bakı. 25 mart . REPORT.AZ/ Görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, T.İsmayılov uzun sürən ağır xəstəlikdən sonra martın 25-də dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Teatr Institutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib. O, milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur. O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olub. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib. Azərbaycan ədəbiyyat və incəsənətinin Türkiyədə təbliğ etmək üçün çox iş görüb çoxsaylı teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Tofiq İsmayılov 25 il davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb, bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunan filmləri qeyd etmək olar. O, “Türk xalqarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitbları dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi