Kalmık teatrının Bakıya qastrol səfəri başa çatıb

Kalmık teatrının Bakıya qastrol səfəri başa çatıb Kalmıkyalı sənətkarlar Bakı tamaşaçılarına dramaturq Əli Əmirlinin "Sevən qadın" tamaşasını nümayiş etdirib
İncəsənət
12 Oktyabr , 2015 11:45
Kalmık teatrının Bakıya qastrol səfəri başa çatıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının qastrol səfəri başa çatıb.

"Report" xəbər verir ki, qastrol səfəri oktyabrın 9-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində başlayıb. 

Oktyabrın 11-də Kalmık teatrı Bakı tamaşaçılarına dramaturq Əli Əmirlinin "Sevən qadın" tamaşasını nümayiş etdirib.

Tamaşaya quruluşu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov verib.

Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları, Kalmıkiyanın əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edib.

Tamaşanın nümayişindən sonra, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov Kalmık Teatrının yaradıcı heyətini təbrik edib, Bakı qastrolunda iştiraklarına görə onları mükafatlandırıb. Öz növbəsində Kalmık teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidov və baş rejissor Bəhram Osmanova xatirə hədiyyələri təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında yaradıcılıq əlaqələri davam edir. Oktyabrın sonunda Gənc Tamaşaçılar Teatrının kollektivi Kalmık Respublikasına səfər edəcək.

Səfər çərçivəsində Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, əsərə Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi, Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev quruluş verib.

Son xəbərlər

Orphus sistemi