Yuxarı

"Jizel" baleti Belarus səhnəsində nümayiş olunub

Baş rolu əməkdar artist Nigar İbrahimova ifa edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solisti, əməkdar artist Nigar İbrahimova Minskdə, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edib.

"Report" xəbər verir ki, anşlaqla baş tutan Adolf Adanın “Jizel” baletinin tamaşasında Nigar Jizel rolunu ifa edib.

Tamaşada N.İbrahimovanın tərəf müqabili Qraf Albert partiyasında isə Belarusun xalq artisti İqor Artamonov çıxış edib.

Belarus teatrının veb-saytında, ümumiyyətlə, bir çox elektron KİV, qəzet və televiziya kanallarında N.İbrahimovanın yaratdığı obraz barədə çoxlu xoş sözlər yazılıb və çıxışına yüksək qiymət verilib.

Tamaşadan sonra Nigar İbrahimovanın ifası haqqında xoş sözlər söyləyənlərdən biri də tamaşada onunla səhnəni bölüşən xalq artisti İ.Artamonov olub:

“Nigar İbrahimova balet artisti üçün vacib olan bir çox yüksək göstəricilərə - gözəl xarici görkəm, yüksək texnika və artistizm, temperament, nadir plastika və s. malikdir. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, hazırda o, klassik balet sənətinin ən parlaq ulduzlarından biri sayıla bilər. Onun bugünkü çıxışı təkcə tamaşaçılarda deyil, həm də balet truppamızın artistlərində xoş təəssürat yaratdı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi