II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərinə 52500 manat mükafat verilib

II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərinə 52500 manat mükafat verilib Müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub
İncəsənət
12 Oktyabr , 2015 12:42
II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qaliblərinə 52500 manat mükafat verilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitar və idman tədbirlərinə ev sahibliyi etdiyini və ikinci dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin də bu sırada özünə yer tutduğunu deyib.

Qeyd edilib ki, Azərbaycan özünün zəngin memarlıq irsi, ənənələri ilə də dünyada tanınır. Bu gün Bakıda UNESCO-nun bəşəriyyətin mədəni irs siyahısına daxil etdiyi Qız qalası, Şirvanşahlar saray kompleksi kimi memarlıq abidələri ilə yanaşı, paytaxtın simasını dəyişən, onun müasir rəmzlərinə çevrilən binalar da var və yeniləri inşa olunur.
Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğulayıb. Qonaq bu günlər ərzində Bakının memarlıq ənənələri və müasir memarlıq üslubu ilə daha yaxından tanış olmaq imkanı qazandığını da diqqətə çatdırıb.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi haqqında danışaraq bildirib ki, müsabiqəyə qatılan ölkələrin sırası genişlənir, budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub. O qeyd edib ki, müsabiqəyə təqdim edilən bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.
Sonra qaliblər elan olunub və mükafatlar təqdim edilib.Müsabiqə yeddi nominasiya üzrə keçirilib.
"İctimai binaların memarlığı sahəsində həyata keçirilən ən yaxşı layihə" nominasiyasında birinci yerə Çovdhuri Kaşef Mahboob (Banqladeş), ikinci yerə Qarsia Fernandes (İspaniya ), üçüncü yerə Tiaqo Reis De Oliveira (Portuqaliya) layiq görülüb.
"Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilən ən yaxşı layihə" nominasiyasında I yeri Takuro Yamamoto (Yaponiya), II yeri Marcelino Migvel (Portualiya), III yeri Humberto Conde (Portuqaliya) qazanıb.
"Həyata keçirilən ən yaxşı interyer" nominasiyasında birinci Rasim Babakişiyev (Azərbaycan) oldu. İkinci mükafatı Valentirov Olexiy (Ukrayna), üçüncü mükafatı Marc Benjamin (Almaniya) alıb.
"Həyata keçirilməyən ən yaxşı layihə" nominasiyası üzrə qalib Paolo Rossi (Italiya), ikinci və üçünü mükafatçılar Humberto Conde (Portuqaliya) və Peretti Laura (Italiya) olub.
"Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası üzrə 1-3-cü mükafatlara müvafiq olaraq Raulino Ricardo Oliveira (Portuqaliya), Nguyen Hoang Manh (Vyetnam) və Gascon Pepe (İspaniya ) layiq görülüblər. 
"Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilən ən yaxşı layihə" nominasiyası üzrə I yeri Çanq Yonq Ter (Sinqapur) qazandı, II yerə Gascon Pepe (İspaniya), III yerə Vasco Matias Correia (Portuqaliya) sahib olublar.
"Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyası üzrə birinci yeri Cumamedel İmankulov (Qırğızstan), 2-3-cü yerləri Elçin Əliyev (Azərbaycan) və İqor Voskresenski (Rusiya) qazanıblar.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib.
Qeyd edək ki, müsabiqə qaliblərini Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadənin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi