İsraildə Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

İsraildə Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq Yubiley gecəsinə hazırlıq işləri davam edir
İncəsənət
2 Dekabr , 2015 14:46
İsraildə Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ İsraildə məşhur Azərbaycan müğənnisi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən təntənəli tədbir keçiriləcək.

"Report" xəbər verir ki, yubiley tədbiri dekabrın 19-da İsrailin Netanya şəhərindəki mədəniyyət evində (Geyxal Tarbut) keçiriləcək.

Bu barədə məlumat verən “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova bildirib ki, bir il bundan əvvəl yaradılan teatr truppası böyük müğənni Rəşid Behbudova həsr edilən tədbiri israilli tamaşaçılara təqdim edəcək: "Rəşid Behbudov sözün həqiqi mənasında dünyada Azərbaycanın brendidir. O, Bolqarıstanda, Macarıstanda, İtaliyada, Hindistanda, Çində, Suriyada, Türkiyədə, Misirdə, İordaniyada, İranda, İraqda, Finlandiyada, Polşada və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini “Azərbaycan” mahnısı ilə başlayıb və bu mahnı ilə başa çatdırırdı".

Onun fikrincə, R.Behbudov bənzərsiz və əlçatmaz sənətkar kimi yaşayıb: "Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan bənzərsiz səsinə görə, Rəşid Behbudovun tayı-bərabəri yox idi. Böyük sənətkar şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı. Məhz bu səbəbdən bizim İsrail-Azərbaycan truppası Rəşid Behbudova həsr edilən yubiley gecəsi keçirməyi özünə borc və şərəf bilir. Böyük müğənni sənətsevərlərin xatirəsində əbədi yaşayacaq. O, həmişəlik birinci olacaq. Doğrudan da o gedəndən sonra sanki kainat boş qalıb...”.

Xatırladaq ki, R.Behbudov 1915-ci il dekabrın 14-də Tiflis şəhərində anadan olub. 1989-cu ildə 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi