Yuxarı

İsrail rəssamlarının əsərləri Milli İncəsənət Muzeyinə təqdim edilib

Muzeyə İsrailin 18 rəssamının əsərlərindən ibarət kolleksiya bağışlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ İsrail rəssamlarının əsərləri Milli İncəsənət Muzeyinə təqdim edilib. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivakın rəhbərliyi ilə siyasət və mədəniyyət xadimləri, jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İsrailli qonaqlar ölkənin zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə bir sıra bölgələrdə olublar.

Səfər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrailin görkəmli incəsənət xadimi Qalina Padolskaya, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov ilə görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında mədəni əlaqələrin inkişafından, mədəniyyət mübadiləsinin güclənməsindən söz açılıb.

Assosiasiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinə İsrailin 18 rəssamının əsərlərindən ibarət kolleksiya təqdim edilib. Muzeyin rəhbərliyi bu addımı yüksək qiymətləndirərək qonaqlara təşəkkürünü bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi