Yuxarı
    Bağlamaq

    İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

    Səfərdə nümayəndə heyətinə  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək

    Bakı. 29 iyun. REPORT.AZ/ İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri olacaq.

    Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədi ilə təşkil edilir.

    Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan Fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin (“Buta”, Quruluşçu rejissor İlqar Nəcəf, “Çölçü”, Qurulucu rejissor Şamil Əliyev, “Nabat”, Quruluşçu rejissoru Elçin Musaoğlu, “Yarımçıq xatirələr”, Quruluşçu rejissoru Elxan Cəfərov, “Dərs”, Quruluşçu rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” Sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı (Quruluşçu rejissor: Yusif Əkbərov) eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.

    Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və İranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı icra olunacaq.

    Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Səfər çərçivəsində nazirin bir sıra görüşləri nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi