Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır
İncəsənət
18 İyun , 2015 11:42
Hüseyn Cavidin Şeyx Sənan əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Dahi dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Bu barədə "Report"a Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır: "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq. Bu, çox orijinal layihədir".

Milli Dram Teatrının direktoru deyib ki, “Şeyx Sənan” faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə olacaq: "Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissəsində isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq".

İ.İsrafilov bildirib ki, artıq "Şeyx Sənan" faciəsi gürcü dilinə tərcümə olunub və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib: "Bu tərcüməni çoxdan gözləyirdim. Nəhayət ki, gəlib çıxdı. Bizim üçün fəxr olunası hadisədir. Dəyərli olan odur ki, Hüseyn Cavidin əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək. Əgər gələcəkdə hansısa səbəblərdən bu əsər səhnəyə qoyulmasa belə ən azından tərcüməsi əlimizdədir. Onun bütün əsərlərini xarici dillərə tərcümə etmək imkanımız olsaydı, çox gözəl olardı. Mən Hüseyn Cavid yadigarı Turan xanım Cavidin tələbəsi olmuşam. Ona görə də, Turan xanımın ruhu qarşısında hər zaman özümü borclu hesab edirəm".

Son xəbərlər

Orphus sistemi