​Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisini 40-dan çox mühafizəçi qoruyacaq

​Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisini 40-dan çox mühafizəçi qoruyacaq Açılış mərasimində Monako knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək
İncəsənət
9 İyun , 2015 13:03
​Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisini 40-dan çox mühafizəçi qoruyacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində iyunun 12-dən dünyanın ən məşhur və unikal sərgilərindən biri açılır. “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisinin açılış mərasimində Monako knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək. Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kelliyə məxsus 200-dən çox şəxsi eksponat artıq Heydər Əliyev Mərkəzinə gətirilib. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var və bu avtomobillər ilk dəfə məhz Bakıda nümayiş olunacaq.

Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılacaq.

Qreys Kelliyə məxsus aksesuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları, eləcə də 1950-ci illərdə “Hermes” firmasının şahzadənin şərəfinə adlandırdığı “Kelli” çantası və digərləri var.

Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksesuarları onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verəcək.

Heydər Əliyev Mərkəzində 3-cü mərtəbədə təşkil olunan sərgidəki şəxsi əşyaların qorunması üçün 40-dan çox mühafizəçi ayrılıb.

Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verəcək.

“Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.

Son xəbərlər

Orphus sistemi