HALI “Azərxalça” ilə əməkdaşlıq edəcək

HALI “Azərxalça” ilə əməkdaşlıq edəcək HALI jurnalı 1978-ci ildən Londonda nəşr olunur
İncəsənət
30 Yanvar , 2017 12:04
HALI “Azərxalça” ilə əməkdaşlıq edəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Xalçaçılıq üzrə ixtisaslaşmış məşhur HALI jurnalı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa başlayıb.

 “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, jurnal yeni - 190-cı sayından etibarən öz səhifələrində Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən “Azərxalça”dan bəhs edəcək. 

Bildirilib ki, cəmiyyətin respublikanın ayrı-ayrı rayonlarındakı filiallarında qədim çeşnilər əsasında toxunacaq Azərbaycan xalçaları reklam olunacaq. Jurnal “Azərxalça”nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandıracaq.

Qeyd edək ki, HALI jurnalı 1978-ci ildən Londonda ildə dörd dəfə nəşr olunur. Burada müxtəlif ölkələrdən olan xalça mütəxəssislərinin, ekspertlərinin, kolleksiyaçılarının rəyləri, islam və Şərq mədəniyyətinə dair araşdırmalar, tekstil və toxuculuq sahəsinə, toxuma texnologiyalarına, sərgilərə, hərraclara aid xəbərlər, tarixi-etnoqrafik materiallar dərc olunur, dünya muzeylərinin, beynəlxalq xalça bazarının aparıcı şirkətlərinin və müəssisələrinin fəaliyyətindən bəhs edilir.

Son xəbərlər

Orphus sistemi