Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın şəxsi arxivi Bakıya gətirilib

Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın şəxsi arxivi Bakıya gətirilib Arxiv Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib
İncəsənət
21 Noyabr , 2016 14:57
Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın şəxsi arxivi Bakıya gətirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın şəxsi arxivi Bakıya gətirilib.

Bu barədə "Report"a AMEA Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Məlumata görə, muzeyin elmi katibi Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin nəvəsi, Sara Tağıyeva-Sarayevanın oğlu Oleq Nikolayeviç Sarayevlə görüşmək məqsədi ilə Fərhad Cabbarov noyabrın 9-18-də Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olub. 

Qeyd edək ki, F.Cabbarov bu ilin aprel ayında Sankt-Peterburqda O.Sarayevlə görüşərkən o, Sara xanımın arxivini Milli Azərbaycan Tarixi Muzeyinə təhvil vermək arzusunda olduğunu bildirib. Noyabrın 14-də F.Cabbarovla görüşən O.Sarayev Sara Tağıyeva-Sarayevanın arxivini muzeyin elmi katibinə təqdim edib. Həmin arxiv Sara xanımın 1950-1980-ci illərdə H.Z.Tağıyevin şərəfli adının bərpa olunması, ona bəraət verilməsi uğrunda apardığı mübarizəyə dair unikal sənədlərdən ibarətdir. Burada S.Tağıyeva-Sarayevanın Azərbaycanın, həmçinin keçmiş SSRİ-nin (Moskva, Leninqrad) müxtəlif elmi müəssisələrinə, arxivlərinə yazdığı məktublarının, ərizələrinin, onun H.Z.Tağıyev haqqında qeydlərinin, məqalələrinin, həmçinin bu məqalələrə verilən rəylərin, fotoşəkillərin orijinal nüsxələri və surətləri var. Şəxsi arxivdə S.Tağıyeva-Sarayevanın sovet illərində çıxan bəzi kitablarda H.Z.Tağıyev haqqında qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsinə dair olduqca maraqlı sənədlərə rast gəlinir. Arxiv həmçinin Sara xanımın həyat yolu, özünə və övladlarına qarşı ədalətsizliklər, çəkdiyi məhrumiyyətlər haqqında sənədlərlə də zəngindir. Oleq Sarayev tərəfindən hədiyyə edilən arxiv sənədləşdirildikdən və siyahıya alındıqdan sonra muzeyin Sənədli mənbələr fonduna təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi