Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycanın xalq artisti, məşhur kamança ustadı Habil Əliyevin səhhəti normaldır. 88 yaşlı ustad sənətkar özünü yaxşı hiss edir.
"Report" xəbər verir ki, bu barədə məlumatı Habil Əliyevin nəvəsi Bəhruz Məmmədov deyib.
"Babamla hər kəs maraqlanır. Jurnalistlər onunla görüşmək istəyirlər, televiziyalar çəkiliş etmək istəyir. Amma indi babamı narahat etmək olmaz. Yaşlı insandır. Ona istirahət lazımdır. 90 yaşının astanasındadır. Şükür Allaha özünü normal hiss edir. Onu hamımız qoruyuruq. Ən başda nənəm onun qayğısına qalır. Heç nədən şikayəti yoxdur. Sadəcə qocalıb, yaş öz sözünü deyir. Həyatımızı onsuz təsəvvür edə bilmirik"
Kaman ustadının nəvəsi Bəhruz Məmmədov "Report" a açıqlamasında belə deyib.
Qeyd edək ki, Habil Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
Dövrünün ustad xanəndələri ilə birlikdə çalışıb.
Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Beləliklə, Habil Əliyev 50-ci illərin sonu 60-cı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb.
Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edir.
Dünyanın bir çox ölkələrində konsertlər verən virtuoz ifaçı həm də gözəl mahnıların müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri buraxılıb.