Yuxarı

Gəncədə Azərbaycan teatrının 143-cü mövsümünün açılış mərasimi başlayıb

Gəncə Dövlət Rəsm Qalereyasında gəncəli rəssamların əsərlərindən ibarət sərginin açılışı da keçiriləcək

Gəncə. 14 sentyabr. REPORT.AZ/ Gəncədə Azərbaycan milli teatrının 143-cü mövsümünün açılışı ilə bağlı teatr bayramı keçirilir. "Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, nazirliyin rəsmi nümayəndələri, Bakı və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbərləri, tanınmış teatr xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında başlayıb.

Mövsümün rəsmi açılışına həsr olunan mərasim ərzində Gəncənin mədəniyyət mərkəzləri ziyarət ediləcək. Gəncə Dövlət Rəsm Qalereyasında gəncəli rəssamların əsərlərindən ibarət sərginin açılışı keçiriləcək.

Gəncə Dövlət Kukla Teatrının əsaslı təmirdən sonra açılışı olacaq. 

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası təqdim ediləcək. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edəcəklər.

Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər Azərbaycan şəhərlərinə də keçirilir. 2011-ci ildə teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə isə Şəkidə təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi