Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısının əsəri səhnəyə qoyulacaq

Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısının əsəri səhnəyə qoyulacaq İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə görüşüb
İncəsənət
10 Dekabr , 2015 17:53
Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısının əsəri səhnəyə qoyulacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısının əsəri əsasında tamaşa hazırlanacaq. 

"Report" xəbər verir ki, bu məsələ İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestadın Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə görüşündə müzakirə edilib.

Teatrın direktoru Mübariz Həmidov və baş rejissoru Bəhram Osmanovla görüşən diplomat birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparıb. Teatrda səhnəyə qoyulması üçün görkəmli İsveç yazıçısı, uşaqların sevə-sevə oxuduqları “Balaca və damda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digər maraqlı əsərlərin müəllifi Astrid Lindqrenin yaradıcılığı əsas götürülüb.

Belə ki, teatrda adıçəkilən yazarın əsərlərindən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində səhnələşdirilməsi nəzərdə tutulub. Təklif olunan əsərlər arasında yazarın qələmə aldığı ən maraqlı nümunələr öz əksini tapıb.

Teatrın direktoru M.Həmidov bildirib ki, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri artıq teatrda beynəlxalq layihə çərçivəsində səhnələşdirildiyinə görə yazarın digər əsərləri oxunaraq ümumi qərar qəbul ediləcək. Bundan sonra tamaşanın bədii heyətinin Gənc Tamaşaçılar Teatrından və ya İsveçdən dəvət olunması məsələsinə də baxılacaq.

Diplomat T.Danestad teatrın cari repertuarında artıq iki İsveç müəllifinin (A.Lindqren “Balaca və damda yaşayan Karlson”, L.Nuren “Mən gəldim qızlar” "Müharibə”)) əsərlərinin mövcudluğunun olduqca xoş təəssürat yaratdığını bildirirək bu əməkdaşlığın uğurlu alınacağına ümid etdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi