Gənc Tamaşaçılar Teatrı: Ümidimiz hələ ölməyib - REPORTAJ

Gənc Tamaşaçılar Teatrı: Ümidimiz hələ ölməyib - REPORTAJ Teatrda köhnə dekorları qoymağa yer yoxdur
İncəsənət
10 Mart , 2017 09:42
Gənc Tamaşaçılar Teatrı: Ümidimiz hələ ölməyib - REPORTAJ
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

“Report”un əməkdaşları Milli Teatr Günü münasibəti ilə Gənc Tamaşaçılar Teatrını ziyarət edib, sənət ocağının fəaliyyəti ilə yaxından tanış olub. 

Teatr haqqında qısa məlumat

Bu teatr 1927-ci il martın 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərinin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranıb. 1927-ci ildə Bakıda yeni bir teatr afişası göründü. Afişada bu sözlər yazılmışdı: "Bu gün pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda "Fırtına" tamaşası göstəriləcək". 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan bu tamaşa respublikamızda uşaq teatrının yaranmasının təməlini qoyub. 1989-cu ildə indiki binaya köçürülüb. Yarandığı ilk illərdən istedadlı aktyorlar yetişdirən teatrın indiki vəziyyəti ilə tanış olduq.

Yarı müasir, yarı qədimi bina

Qapıda bizi teatrın mətbuat katibi Hüsniyyə Quliyeva qarşıladı və elə bələdçiliyimizi də öz üzərinə götürdü. Dolambaclı dəhlizləri olan bina bizə labirinti xatırlatdı. Əvvəlcə yollandıq binanın foyesinə. Foyeyə keçmək üçün qarderobun qapısından istifadə etdik. Təmiri elə də yaxşı olmayan binanın girişi tamam fərqli idi. Hər zaman işıqlı, rəngli oturacaqlarla gördüyümüz foye bu dəfə soyuq və qaranlıq idi. Divarlardan asılmış aktyorların şəkilləri qaranlıqda bir qədər vahiməli görünürdü. Nəhayət, işıqları yandırdılar. Pilləkənlərlə ikinci mərtəbəyə qalxdıqca şüşələrdən ibarət divarlardan içəriyə işıq düşürdü. Bura xüsusi yığıncaqlar üçün nəzərdə tutulub. Döşəmələrdəki mozaikanı xatırladan bəzəklərlə tavan bir-birinə tamamilə zidd görsənirdi. Bir qədər gəzdikdən sonra yenidən binaya qayıtdıq. Teatrın içində əşyaların çoxluğu diqqətimizi çəkdi. Sonradan əşyanın nə qədər çoxdursa, onları yerləşdirmək üçün yerin də o qədər az olduğunu öyrəndik. Hər yeni tamaşa üçün hazırlanan dekorlar daha sonra istifadə edilməsi üçün saxlanılır. Beləliklə də hər dəfə yeni bir dekor əlavə olunduqca sıxlıq daha da artır.

Qrim sexi

Bələdçimizdən bizə qrim sexini göstərməsini xahiş etdik. Ancaq ilk girdiyimiz yeri qrim sexinə bənzətməkdə çətinlik çəkdik. Hüsniyyə xanım bildirdi ki, aktyorlar burada əsasən güzgü qarşısında məşq edirlər: "Əsas qrim seximiz bura deyil. Bu otaqdan aktyorlar əsasən rollarını məşq etmək və məşqlərə hazırlanmaq üçün istifadə edirlər". Dəhliz boyunca bunun kimi bir çox qrim sexləri var idi. Biz isə bunlardan yan keçib yollandıq əsas qrim sexinə. Rəngarəng pariklər, maskalar, makiyaj alətləri ilə dolu bu kiçik otaqda bir neçə qrim ustası işləyir. Aktyorlar səhnə geyimlərini geyindikdən sonra bu otağa gəlirlər və rolun geyiminə uyğun qrim edilirlər. Hər tamaşanın bəzək əşyaları kiçik qutularda mühafizə olunur.

Moto geyimli orta əsr cəngavərləri

Qrim sexinin yaxınlığında kostyum sexi yerləşir. Bu məqamda ötən il burada izlədiyim "Romeo və Cülyetta" tamaşası yadıma düşdü. Özümüzlə teatra gətirdiyimiz kiçik qız moto geyimləri ilə səhnəyə çıxan cəngavərləri gördükdə əsər haqqında fikirləri tamam qarışmışdı. Cinsdə səhnəyə çıxan Romeo və motosikl geyimindəki cəngavərlər diqqətimizi tamaşadan çox onlara yönəldirdi. Kostyum sexinə bir az baxdıqda təsəvvürümdə canlandırdığım zirehli geyimlərin olmadığını anladım. Bələdçimiz bildirdi ki, teatrın ən qədim səhnə geyimləri "Ələddin" tamaşasının geyimləridir: "Ümumiyyətlə, teatrda köhnə geyimlər çox saxlanılmır. Vaxt keçdikcə geyimlər köhnəldiyindən ya yenidən bərpa edirik, ya da yenisi ilə əvəz edirik. Hazırda bütün tamaşalar üçün lazım olan geyimlərimiz var".

Gərgin məşqlər

Otaqdan çıxdığımızda qulağımıza gələn səslərdən məşqlərin başladığını anladıq. Ona görə də üz tutduq tamaşa zalına. Zalda teatrın quruluşçu rejissoru Vaqif Əsədov aktyorlara tamaşa üçün göstərişlər verir, hərdən aktyorlara narazılığını bildirmək üçün səhnəyə çıxıb özü rola girirdi. Səsləndirmə ilə bağlı tez-tez problemlər yaranırdı. Səsləndirmə otağı zalın yuxarı hissəsində yerləşir. Rejissor tez-tez məşqləri dayandırıb musiqi ilə bağlı göstərişlərini verirdi. O, hər sözündə vurğulayırdı ki, musiqidə problem olsa, bu qədər insanın əziyyəti hədər gedəcək. Bir rolu dəfələrlə izah etdikdən sonra aktyor yenidən səhv edəndə vəziyyətin gərginləşəcəyini düşündük. Ancaq gözlədiyimizin tamamilə əksi baş verdi. O, dərin nəfəs alıb rolu bir daha izah etdi. Fasilə zamanı rejissora yaxınlaşıb tamaşa haqqında məlumat aldıq. O dedi ki, tamaşa aprel döyüşlərində şəhid olan əsgərlərin həyatı və ölümündən sonra ruhunun çəkdiyi əzablardan bəhs edir: "Bəzən "şəhid oldu" ifadəsini rahatlıqla deyən insanları anlamıram. Bir insanın həyatı məhv olur. Kimin üçün? Nə üçün? Bir oğul, bir həyat yoldaşı... Bəs bizlər neynəyirik? Onlara uyğun layiqli şəkildə yaşayırıqmı? Mən düşünürəm ki, onların ruhu bizə baxıb əzab çəkir. Biz onlara uyğun yaşamırıq (gözləri dolur). Gəlin başqa mövzudan danışaq".

Mehriban kollektiv

Teatr kollektivi arasında söz-söhbət, münaqişələri tez-tez eşidirik. Ancaq burada vəziyyət tamamilə fərqlidir. Aktyorların bir-birinə doğma münasibətini sezməmək mümkün deyil. Rejissor bildirdi ki, belə hadisələr ancaq teatrda iş olmayanda olur: "Mən bundan əvvəl Naxçıvanda işləmişəm. Bakıya dəvət alanda Gənc Tamaşaçıları seçdim. Çünki burada olan səmimiyyət, mehribanlıq, sənət axtarışlarına olan həvəs hələ o vaxtlardan var idi və təbii ki, məni də özünə cəlb etmişdi. Bizdə də kiçik problemlər olur. Ancaq hərənin öz yeri var. Bir yerdə iş olmayanda boşluq olur, boşluqdan da hamı bir-birinin işlərinə qarışmağa başlayır, bizdə isə məşqlərdən belə şeylərə vaxt qalmır. Bu gənclərin sənətlərinə olan sevgisi hədsizdir. Maaşları elə də yüksək deyil. Ancaq buna baxmayaraq, sənəti yaşatmaq üçün əllərindən gələni əsirgəmirlər. Mən onları fanatik adlandırıram. Bəzən tamaşalarda bizi belə yamsılayırlar (gülür)".

O, lazımi qədər geyimin olduğunu da söylədi: "Düzdür, tamaşada Romeo və digər aktyorlar da səhnəyə cins ilə çıxır. Bu, tamaşanın quruluşundan asılıdır. Yəqin rejissor tərəfindən belə düşünülüb. Bizdə hər tamaşaya uyğun kifayət qədər geyim var. Çatışmayan tək şey yerdir. Yeni dekorlar gəlir, ancaq biz sonradan onları söküb harasa yerləşdirməyə məcburuq. Yer olmadığından səhnə arxasında sıxlıq yaranmağa başlayır. Biz bilmirik dekorasiyalar xarab olmaması üçün onları harada saxlayaq".

Ümidlə gözlənən gələcək

Rejissorla söhbət əsnasında teatrda dünəndən bu günə nələr dəyişdiyini öyrənmək istədik. Onun fikrincə, teatrlara tamaşaçı marağı yoxdur: "Mən deyərdim ki, insanların teatra münasibəti elə də yaxşı deyil. Teatr çıxıb bayırdan insanları tutub gətirməli deyil, teatr insanları yalnız dəvət etməlidir, insanlar özləri onun arxasinca getməlidir. Biz inanırıq ki, gün gələcək bu gənclər teatrı bu nöqtədən qaldırıb xalqımızın layiq olduğu, bizim arzu etdiyimiz səviyyəyə çatdıracaqlar. İnsanlar teatrın mahiyyətini daha aydın anlayacaqlar. Biz insanlara boş, mənasız bir istirahət təklif etmirik. İnsanlar teatrdan hər zaman nə isə öyrənir, dərs çıxarır. Zamandan, münasibətdən asılı olmayaraq, yaradıcılıq işləri hər zaman davam edir. Bizim ümidimiz hələ ölməyib".

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi