Yuxarı

Gənc Tamaşaçılar Teatrı "Sima" mükafatını təqdim edib

Teatrın 87-ci mövsümü başa çatıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün yekunlarına həsr olunan hesabat iclası keçirilib. "Report" xəbər verir ki, teatrın direktoru, əməkdar artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilən aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib.

Direktor nailiyyətlərlə yanaşı, 88-ci teatr mövsümü üçün nəzərdə tutulan yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən danışıb.

Daha sonra Teatr və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi teatr mükafatı öz sahiblərinə təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən, Hüseynbala Mirələmovun "Miras"ı "Ən yaxşı tamaşa", Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Boris Manciyev "Ən yaxşı rejissor işi" (böyük tamaşaları üzrə), əməkdar artist Nicat Kazımov "Ən yaxşı rejissor işi" (uşaq tamaşaları üzrə), xalq artisti Yasin Qarayev "Mövsümün seçilən aktyoru" (böyük tamaşaları üzrə), əməkdar artist Leyli Vəliyeva "Mövsümün seçilən aktrisası" (böyük tamaşaları üzrə), Roza İbadova "Mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), Anar Seyfullayev "Mövsümün seçilən aktyoru" (uşaq tamaşaları üzrə), Elşən Sərxanoğlu "Ən yaxşı rəssam işi" mükafatına layiq görülüblər.

Eyni zamanda, teatrın direktoru Mübariz Həmidov "Şərəf və ləyaqət", xalq artisti Cəfər Namiq Kamal isə "Teatrın dostu" adı ilə mükafatlandırılıblar.

Qaliblərə xüsusi priz, diplomlar və pul mükafatları təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi