Yuxarı

Gənc Tamaşaçılar Teatrı Rusiya və Böyük Britaniyada qastrol səfərində olub

Teatr Londonun Kral, Qlobus, Milli teatrları, Big Ben və bir neçə məşhur muzeyləri ilə də yaxından tanış olub

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya və Böyük Britaniyada qastrol səfərində olub. 

"Report" xəbər verir ki, teatr mayın 27-də Rusiyanın Orenburq vilayətində keçirilən “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalı çərçivəsində M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edib. 

Qeyd edək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib. Səhnə əsərləri 7 gün müddətində M.Qorki adına Orenburq Dövlət Dram Teatrı, Orenburq Musiqili Komediya Teatrı və M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrlarında nümayiş etdirilib. Tamaşalarla yanaşı, festivalda görkəmli teatr rejissorlarının rəhbərliyi ilə rejissor laboratoriyaları və ustad dərsləri də təşkil edilib. Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, Rusiyanın əməkdar elm xadimi, Teatr İncəsənəti İnstitutunun Xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib. 

Eyni zamanda, teatr mayın 29-da Londonun "Logan Hall" mədəniyyət mərkəzində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilib. 

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərlik etdiyi kollektiv səfər çərçivəsində Londonun Kral, Qlobus, Milli teatrları, Big Ben və bir neçə məşhur muzeyləri ilə də yaxından tanış olublar.

Bundan əlavə, əməkdar artist Şövqi Hüseynov mayın 21-26-da Moskva vilayətinin Lobnya şəhərində keçirilmiş “Rus klassikası” Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə çıxış edib. Aktyor “Festivalda iştiraka görə” diplomu ilə yanaşı, “Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi