Gənc Tamaşaçılar Teatrı mövsümü "Çirkin ördək balası” tamaşası ilə açıb

Gənc Tamaşaçılar Teatrı mövsümü "Çirkin ördək balası” tamaşası ilə açıb Teatr 88-ci mövsümə start verib
İncəsənət
21 Sentyabr , 2015 15:45
Gənc Tamaşaçılar Teatrı mövsümü Çirkin ördək balası” tamaşası ilə açıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 88-ci teatr mövsümünü H.K.Andersenin “Çirkin ördək balası” tamaşası ilə açıb.

"Report" xəbər verir ki, tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Tariyel Qasımov, Yasin Qarayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və gənc aktyor Elnur Kərimov çıxış edərək bütün tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.

Daha sonra “Çirkin ördək balası” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Rasim Cəfərov və başqaları oynayıb. 

Teatrda iki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdi olan səhnə əsərinin plastik həlli və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur.

Tamaşada əsas rolları Günel Məmmədova, Mirzəağa Mirzəyev, digər rolları isə əməkdar artistlər Nübar Novruzova, Leyli Vəliyeva, Nofəl Vəliyev, Kəmalə Hüseynova, Qurban İsmayılov, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edib.

Sentyabrın 20-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdirilib. Benefis-tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev oynayıb. 

Tamaşadan sonra teatrın direktoru Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Sona Babayeva və Elnur Kərimov yubilyarı təbrik edərək ona cansağlığı və yaradıcılıq uğurları arzu edib.

Mübariz Həmidov yubilyara ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin diplomunu təqdim edib. 

Son xəbərlər

Orphus sistemi