Yuxarı

Azərbaycanlı virtuoz skripkaçı Paqaninin konsertində çıxış edəcək

Konsert apreldə Berlində baş tutacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanlı virtuoz, gənc skripka ifaçısı Elvin Qəniyev apreldə Berlin Filarmoniyasında keçiriləcək N.Paqaninin konsertində Vadim Repin və İvri Gitlis ilə eyni səhnəni paylaşacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

2008-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Elvin Qəniyevin adı Gənc İstedadların Qızıl Kitabına yazılıb və o, Prezident təqaüdünə layiq görülüb. 

2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra Elvin Qəniyev Roma Papası tərəfindən ordenlə təltif olunub.

Qeyd edək ki, Elvin Qəniyev Ankarada anadan olub. Bilkənt Universiteti Musiqi Hazırlığı İbtidai Məktəbini birinciliklə bitirib, hazırda isə İspaniyanın Kraliça Sofiya adına Madrid Ali Musiqi Məktəbində təhsil alır.

Elvin Qəniyev onlarla beynəlxalq festival və müsabiqədə, Azərbaycanda və xarici ölkələrdə keçirilən yüksək səviyyəli tədbirlərdə uğurla çıxış edib.

O, K.Lipinski və Q.Venyavski adına Gənc Skripkaçıların XI Beynəlxalq Müsabiqəsinin (Polşa), "Klassik irs" (Rusiya), P.İ.Çaykovski adına Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsi (İsveçrə) və "Madrid gecələri" (İspaniya) adlı beynəlxalq müsabiqələrin laureatıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi