Füzuli Dövlət Dram Teatrı növbəti mövsümü "Nənəmin kələyi" tamaşası ilə açacaq

Füzuli Dövlət Dram Teatrı növbəti mövsümü "Nənəmin kələyi" tamaşası ilə açacaq Bakı. 16 iyul. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Elçin Əfəndiyevin Qatil” tamaşası ilə yekun vurub.
İncəsənət
16 İyul , 2018 16:15
Füzuli Dövlət Dram Teatrı növbəti mövsümü Nənəmin kələyi tamaşası ilə açacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Elçin Əfəndiyevin "Qatil” tamaşası ilə yekun vurub.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşa "N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov və Aygün Cəfərova çıxış edib.

Tamaşanın ardınca mütəmadi olaraq "N” saylı hərbi hissələrdə çıxışlarına görə teatr kollektivi fəxri fərmanlarla təltif olunub.

Daha sonra 29-cu teatr mövsümünün bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası giriş sözü ilə teatrın direktoru Vaqif Vəliyev açaraq bütün kollektivi növbəti mövsümün bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il Nazirliyin təsdiq etdiyi repertuar planına uyğun olaraq, E.Əfəndiyevin "Qatil”, N.Kazımovun "Ələddinin sehrli çırağı”, Ə.Orucoğlunun "Nənəmin kələyi” əsərləri hazırlanaraq səhnələşdirilib. Bununla yanaşı, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı poetik xalq tamaşaları, habelə Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar rayon ictimaiyyətinə təqdim olunub. Hər il olduğu kimi bu il də teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə olmuş müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikasının ən gənc şəhəri olan Horadizə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar kütləvi bayram tədbirində fəal iştirakına və "N” saylı hərbi hissələrdə nümunəvi çıxışlarına görə teatr Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən xüsusi diploma layiq görülüb.

Qeyd olunub ki, teatr növbəti mövsümü sentyabrın 25-də Əhməd Orucoğlunun "Nənəmin kələyi" tamaşası ilə açacaq.

Son xəbərlər

Orphus sistemi