Yuxarı

Fransalı fotoqraf: "Memarlıq həvəskarısınızsa, mənzilinizi Bakıya salın" - FOTO

Fransalı fotoqraf: Memarlıq həvəskarısınızsa, mənzilinizi Bakıya salın

Tanınmış fransız fotosənətkar və jurnalist, bir sıra nüfuzlu mükafatların sahibi Qreqori Herpe Azərbaycana səyahət edərək silsilə fotoşəkillər çəkib.

“Report” xəbər verir ki, Fransada Azərbaycan Dostları Assosiasiyasının, habelə bəzi azərbaycanlı deputatların dəvəti ilə bu ilin yayında Azərbaycana səfər edən sənətkar “London Street Art Design” nəşrində dərc etdirdiyi yazıda Bakıda olarkən aldığı təəssüratları qələmə alıb.

“Bu qədim şəhəri dolaşarkən memarlıq üslublarının çoxluğuna heyran olmamaq mümkün deyil”, – Q.Herpe yazıb.

O, bir çox memarlıq incisi olduğu tarixi İçərişəhərdən, yüksək zövqlü bədii memarlığa malik müasir Bakıdan zəngin təəssüratlarla qayıtdığını bildirib.

“Müstəqillik dövründəki post-modernist memarlıq bir sıra gözqamaşdıran layihələrlə genişlənir” deyən foto üzrə sənətkarı “şəhərin rəmzinə çevrilən texniki və estetik xarüqə” deyə səciyyələndirdiyi “Flame Towers”i misal gətirib.

Həmçinin “Baku Crystall Hall”un memarlığından bəhs edən müəllif “Bakıda imkansız şey yoxdur, memarların həndəsi qanunları ilə qurduqları dizayn sayəsində “Bakı kristallı” sanki qürub anında günəşin şöləsindən doğan zinət daşına çevrilib” deyə təəssüratını ifadə edib.

Heydər Əliyev Mərkəzini “gözəl yumru cizgiləri və minimalist dizaynı” ilə “fövqəladə” əsər kimi səciyyələndirən müəllif Zəha Hədid üslubunun dərhal ayırd olduğunu qeyd edib.

“Memarlıq və dizayn həvəskarısınızsa, Bakı sizin üçündür, xüsusilə də ən çox innovasiyalı binaların hələ tikildiyini düşünsəniz... Tenerifeni, Benidormu yaddan çıxardın. Azərbaycan sizi heç bir vaxt ümidsiz qoymayacaq sürprizlərlə dolu əsrarəngiz ölkədir”, –  Q.Herpe fikirlərini tamamlayıb.

Qeyd edək ki, 1969-cu ildə Parisdə doğulan, hazırda Niderlandda yaşayan Qreqori Herpe Honkonqun “SopaImages”, Nyu-Yorkun “Polaris İmages” agentliklərində çalışır. Əsərləri dünyanın müxtəlif şəhərlərində, habelə Avropa Parlamentində nümayiş etdirilən sənətkar jurnalist kimi də fəaliyyət göstərərək Fransa və Böyük Britaniyanın bir sıra nəşrləri üçün yazılar yazır.

Layiq görüldüyü beynəlxalq mükafat və təltiflər arasında 2015-ci ilin Beynəlxalq Müasir İncəsənət Biennalesinin (Genuya) mükafatını, 2015-ci ilin ən yaxşı mətbuat fotosu mükafatını (Monpelye), 2017-ci ilin Beynəlxalq İncəsənət Yarmarkasının (Berselona) qızıl medalını qeyd etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi