Yuxarı
    Bağlamaq

    “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi başa çatıb

    Qapalı keçirilən tədbirdə dövlət, mədəniyyət və ictimai xadimləri iştirak edib

    Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin bağlanış mərasimi olub. 

    "Report" xəbər verir ki, qapalı keçirilən tədbirdə dövlət, mədəniyyət və ictimai xadimləri iştirak edib.

    Muzeyin direktoru Çingiz Fərzəliyev Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib. O, bildirib ki, sərginin populyarlıq qazanacağını əmin olub: "Ancaq sərginin sənətsevərlər tərəfindən bu qədər rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin yeddi aydan artıq nümayiş olunmasına baxmayaraq, sərgiyə olan maraq gündən-günə artıb. Hər şeyin bir sonu olduğu kimi, bu gün sərginin də bağlanış mərasimidir". 

    O, qeyd edib ki, müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş və muzeyin kolleksiyasında qorunub saxlanılan sərgilər davamlı olaraq keçiriləcək. Ç. Fərzəliyev yapon mütəxəssisləri tərəfindən artirubitsiya olunmuş və Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

    Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri sərginin iki dövlət arasındakı dostluq münasibətlərin, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: "Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Fərzəliyevin direktor, eyni zamanda sənət adamı olması sərginin qurulmasında önəmli rol oynayıb. Ona dərin təşəkkürümüzü bildiririk".

    Gecəyə professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında səslənən Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri xüsusi rəng qatıb.

    Qeyd edək ki, Fransanın “Total” neft-qaz şirkətinin dəstəyi sayəsində reallaşan sərgi ötən ilin noyabrın 26-dan mədəniyyətsevərlərə təqdim edilib. Sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Ç. Fərzəliyevdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi