Yuxarı

“Françeska da Rimini” baletinin premyerası keçiriləcək

Baletin süjet xətti Dantenin məşhur “İlahi komediya”  adlı poemasından götürülüb

Bakı. 3 fevral. REPORT.AZ/ Opera və Balet Teatrında görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin “Françeska da Rimini” baletinin premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 12-də baş tutacaq premyera 2016-cı ilin ilk premyerasıdır. 

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas partiyaları Azərbaycanın əməkdar artisti Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcək.

Qeyd edək ki, “Françeska da Rimini” bəstəkarın eyni adlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulub. Baletin süjet xətti Dantenin məşhur “İlahi komediya” adlı poeması təşkil edir.

Musiqi əsəri ilk dəfə 1877-ci il fevralın 25-də dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestrin ifasında Moskvada, 1878-ci il martın 11-də isə Peterburqda təqdim olunub və çox böyük uğur qazanıb. Xüsusilə də Peterburqdakı ifa daha müvəffəqiyyətli olub. 

“Françeska da Rimini” baletində ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi