Flora Kərimova ABŞ və Kanadadakı azərbaycanlılarla görüşüb

Flora Kərimova ABŞ və Kanadadakı azərbaycanlılarla görüşüb ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə Azərbaycanın xalq artisti Flora Kərimova arasında videoformatda görüş keçirilib.
İncəsənət
19 May , 2020 13:47
Flora Kərimova ABŞ və Kanadadakı azərbaycanlılarla görüşüb

ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə Azərbaycanın xalq artisti Flora Kərimova arasında videoformatda görüş keçirilib. 

"Report"un xüsusi müxbiri xəbər verir ki, görüş Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” layihəsi çərçivəsində təşkil edilib. 

ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlıların qatıldığı toplantıya Kanadadakı soydaşlarımız da qoşulub. Görüşdə sənətkarın həyat və yaradıcılığı ətrafında söhbət aparılıb, ona ünvanlanan suallar cavablandırılıb.

F.Kərimova bu günə qədər ifa etdiyi əsərlər, habelə bundan sonrakı yaradıcılıq planları barədə fikirlərini bölüşüb. Eyni zamanda sənətkarın uzun illər öncə Fikrət Qocanın qızı Günay üçün yazdığı şeirin sözlərinə bəstələnmiş və ifa etdiyi “Günayım” mahnısının qəhrəmanı, hazırda ABŞ-ın İndiana ştatında yaşayan Günay Corc da söhbətə qoşulub. O, F.Kərimovaya minnətdarlığını ifadə edib və bu görüşü uzun illərdən bəri gözlədiyini deyib.

Sənətkarla görüşə qatılanlar sırasında tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və həyat yoldaşı Leyla Babayeva Əfrasiyab da olub. Əfrasiyablar ailəsi F.Kərimovanın repertuarından “Bağışla” mahnısından bir hissə ifa edib.

Görüş həmçinin ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) "Facebook" səhifəsindən canlı yayımlanıb.

Qeyd edək ki, “Şənbə söhbətləri” layihəsinin əsas məqsədi pandemiya dövründə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-dakı Azərbaycan icmasına tanıtdırmaq və onlarla birbaşa ünsiyyət qurmaqdır. Bundan öncə Ramiz Rövşən, Çingiz Abdullayev, Bəhram Bağırzadə və Fərhad Bədəlbəyli “Şənbə söhbətləri”nin qonağı olublar. Bu görüş isə sayca beşincisiydi. 

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-dakı Azərbaycan icması ilə bağlı layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən USACC-ən nəzdində təsis edilib. Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə 20 illik yubileyini qeyd edir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi