Yuxarı
    Bağlamaq

    Firəngiz Əlizadə: "Maliyyə çətinliyinə görə builki “İpək Yolu” festivalı dar çərçivədə keçiriləcək"

    Builki festivalda Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri də iştirak edəcək

    Bakı. 30 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə iyulun 1-dən 5-dək Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

    "Report" xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, festivalın bədii rəhbəri Firəngiz Əlizadə iyunun 30-da mətbuat konfransı keçirərək, festivalın proqramı və bu çərçivədə baş tutacaq tədbirlər barədə məlumat verib.

    O bildirib ki, bu ilki festivalda ilk dəfə olaraq, Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri də iştirak edəcək: "Altıncı dəfə baş tutacaq “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında Yaponiyadan "Kamıqata Sumıyoşi Kaı" ansamblı, Türkiyədən Çukurova Dövlət Simfonik Orkestri, Polşanın "AcCello Duo" instrumental dueti və Azərbaycanda yaşayan azsaylı xalqlar olan talışlar, ləzgilər, tatarlar, avarlar, udilər, ingiloylar, saxurlar və tatlardan ibarət musiqi kollektivləri iştirak edəcək. Festivalda simfonik musiqi gecələri ilə yanaşı, xüsusi mərasimlər el adətlərinin teatrlaşdırılmış ifasında qonaqlara təqdim ediləcək. Bu il festivalda "Xınayaxdı" mərasimi, "Dili-Dili", "Novruz mübarək" "Çəltik əkinində" folklor nümunələri və "Talış toyu" kompozisiyası nümayiş etdiriləcək. Bütün bunlar festivalın yenilikləridir".

    İttifaq sədrinin sözlərinə görə, festivalın son günü olan iyulun 5-də xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olacaq. Tədbirin bağlanışını Azərbaycan Bəstəkarlar İttifaqının "Bakı Sinfonietta" orkestri edəcək.

    F.Əlizadə əlavə edib ki, maliyyə çətinliyinə görə builki festival bir qədər dar çərçivədə baş tutacaq: "Maddi imkanlarımızın məhdudluğunu nəzərə alıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etdik. Bu səbəbdən də, bizə yardımçı olan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullaya xüsusi təşəkkürümü bildirirəm".

    Festivalının açılışı və bağlanışı Şəki Xan Sarayında keçiriləcək.

    Qeyd edək ki, mətbuat konfransında Türkiyə və Polşa səfirliyinin nümayəndələri iştirak edib.

    Türkiyədən gəlmiş Adana Çukurova Dövlət Simfonik Orkestrinin konserti TRT 1 televiziyası vasitəsilə dünyanın 75 ölkəsinə canlı olaraq yayımlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi