Erməni terrorunun qurbanı olan mərhum xalq artistinin doğum günüdür

Erməni terrorunun qurbanı olan mərhum xalq artistinin doğum günüdür Mərhum bəstəkarın 78 yaşı tamam olur
İncəsənət
31 Mart , 2015 10:44
Erməni terrorunun qurbanı olan mərhum xalq artistinin doğum günüdür

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, istedadlı musiqiçi, bəstəkar Rafiq Babayevin doğum günüdür.

"Report" xəbər verir ki, mərhum bəstəkarın 78 yaşı tamam olur.

Rafiq Babayev 1937-ci ildə Bakı şəhərində anadan olub. Rafiq Babayevin ailəsi musiqiyə bağlı olub.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitirərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evansın kompozisiyası da daxil edilib. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur.

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır.

1994-cü il martın 19-da heç bir günahı olmayan onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Belə ki, Bakı metrosunun  "20 Yanvar" stansiyasındakı partlayış nəticəsində həlak olanlar arasında Rafiq Babayev də olub. Partlayış nəticəsində ümumilikdə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq nəticəsində "Sadval" separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olub və orada onlara xüsusi təlim keçilib.

Son xəbərlər

Orphus sistemi