Yuxarı
    Bağlamaq

    Əməkdar artist Kubra Dadaşova dəfn olunub - FOTO

    Aktrisa fevralın 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib

    Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kubra Dadaşova ailə qəbirstanlığında dəfn olunub.

    Bu barədə “Report”a teatrın mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, aktrisa fevralın 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Xatırladaq ki, Dadaşova Kubra Məmmədağa qızı 31 avqust 1957-ci ildə Azərbaycan Teatr sənətinin görkəmli teatr xadimi, aktyor, əməkdar artist Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib.

    29 iyun 1985-ci idlə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Həmin ildən ömrünün sonuna qədər Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsindən bir-birindən maraqlı dramatik və komik rollar ifa edib.

    Kubra Dadaşova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

    Cicixanım (“Qonşu qonşu olsa, kor qız ərə gedər”, Rəşid Bəy Əfəndiyev), Bibi (“Ruhlar qapını döyür”, Rauf İçərişəhərli), Mənzərə (“Pul dəlisi”, Əhməd Orucoğlu), Nazlı (“O da mənəm, bu da”, Dadaş Mehdi), Küpəgirən (“Mağara”, Aygün Həsənoğlu), Mürəbbiyə (“Danışan gəlincik”, Abdulla Şaiq), Xeyransa (“Nəsrəddin”, Yusif Əzimzadə), Göhər (“Məhəbbət bir bəladır”, Əhməd Orucoğlu), Qulməmməd (“Cənnətin üç alması”, Nicat Kazımov), Qəmərbanu (“Mahmud və Məryəm”, Elçin), Rəhilə (“Ah, qadınlar, qadınlar”, Marat Haqverdiyev), Ziba xala (“Ağ dəvə”, Elçin), Ana (“Ələddinin sehrli çırağı”, Ərəb xalq nağılı), Ögey ana (“Göyçək Fatma”, Azərbaycan xalq nağılları), Zümrüd (“Mən səni sevirəm”, Ə.Əmirli), Zübeydə (”Buzovna kəndinin əhvalatları”, Elçin) və digər rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.

    Kubra Dadaşova gənc yaşlarından bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rollara çəkilib.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi