Əməkdar artist Atabala Səfərov səhnəyə az-az çıxmağının səbəbini açıqlayıb

Əməkdar artist Atabala Səfərov səhnəyə az-az çıxmağının səbəbini açıqlayıb Atabala Səfərov hazırkı vəziyyətindən danışıb
İncəsənət
28 Noyabr , 2015 15:28
Əməkdar artist Atabala Səfərov səhnəyə az-az çıxmağının səbəbini açıqlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov son bir ildə səhnəyə az-az çıxmasının səbəbini açıqlayıb.

Atabala Səfərov "Report"a bildirib ki, ötən il ürəyindən əməliyyat olunub: "Ürəyimin 3 damarını dəyişdilər. Həmin vaxtda özümə diqqət edirəm. Bu səbəblə sənətdən bir qədər aralı düşmüşəm. Gənc Tamaşaçılar Teatrında çalışıram. Şükür Allaha, səhnəyə çıxa bilirəm. Rollarım var. Amma əvvəlki kimi, fəal səhnə həyatıma davam edə bilmirəm. Mənə səhnədə çevik hərəkətlər etmək olmaz. Teatrda bir-iki tamaşada rollarım var. Son illər filmlərə, televiziya tamaşalarına çəkilmirəm. Məni tanıyıb, sevən tamaşaçılar televiziyada ifa etdiyim maraqlı tamaşalara görə qəbul ediblər. Bu gün də tanınıram, sevilirəm. Sənətkar üçün bundan qiymətli heç nə yoxdur. Gənc Tamaşaçılar Teatrının səhnəsində Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşasında rolum var. Yaxşı tamaşadır. Ayda bir-iki dəfə oynayırıq. Məni görmək istəyən tamaşaçılar həmin tamaşaya gələ bilərlər."

Xatırladaq ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olub, özünü tamaşaçılara sevdirə bilib. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Birgünlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.

Atabala Səfərov görkəmli aktyor Bəşir Səfəroğlunun yaxın qohumudur. 

Son xəbərlər

Orphus sistemi