Yuxarı

Əbülfəs Qarayev: "Azərbaycanda yeni teatr binaları inşa olunacaq"

Nazir: Bölgələrdə olan teatrların vəziyyəti qaneedicidir

Gəncə. 14 sentyabr. REPORT.AZ/ "Azərbaycanın teatr tarixi bizim qürur yerimizdir. Ölkəmizdə teatra həmişə diqqət olub, bundan sonra da diqqət yetiriləcək". "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncədə Azərbaycan milli teatrının 143-cü mövsümünün açılış mərasimində deyib.

Nazir yeni teatr mövsümünün açılması münasibətilə bütün Azərbaycanın teatr ictimaiyyətini təbrik edib. O bildirib ki, Azərbaycanda yeni teatr binaları inşa olunacaq və teatrla bağlı məkanlar bərpa ediləcək: "Bölgələrdə olan nəinki dövlət, hətta xalq teatrlarının da fəaliyyət göstərdiyi binalar təmir olunur və bu iş gələcəkdə də davam etdiriləcək".

Ə.Qarayev deyib ki, Gəncədə dram dərnəkləri yaradılması gənclərin mədəniyyət sahəsinə cəlb olunmasına imkan verəcək: "Dram dərnəklərinə gənclərin axını gələcəkdə Azərbaycan teatrları üçün potensial aktyorların yetişməsi deməkdir. Xüsusilə məni sevindirən Gəncənin orta məktəblərində və musiqi təhsili verən məktəblərdə teatr sənətinə böyük marağın olmasıdır".

Nazir hesab edir ki, bölgələrdə olan Azərbaycan teatrlarının vəziyyəti qaneedicidir: "Təbii ki çatışmazlıqlar var, amma hər tamaşa bir axtarışdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi