Əbülfəs Qarayev teatr direktorunu mükafatlandırıb

Əbülfəs Qarayev teatr direktorunu mükafatlandırıb Mükafat, Gənc Tamaşaşılar Teatrının direktoru Mübariz Həmidova 60 illik yubileyi münasibətilə təqdim edilib
İncəsənət
11 İyul , 2016 18:34
Əbülfəs Qarayev teatr direktorunu mükafatlandırıb

Bakı. 11 iyul. REPORT.AZ/Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun iyulun 12-də 60 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi yubilyarı mükafatlandırıb.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrından məlumat verilib.

Mübariz Həmidov 1956-cı ildə Göyçay şəhərində anadan olub. 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.

Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub.

2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.

Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin Ankara, İğdır, Alanya, Antalya, Dənizli, Rusiyanın Sankt-Peterburq, Moskva, Həştərxan, Perm şəhərləri, Kalmıkiya və Belarus Respublikaları, Şri-Lankanın paytaxtı Kolomboda, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və bir sıra digər ölkə və şəhərlərdə qastrol və festivallarda uğurla çıxış edərək bir sıra mükafatlara layiq görülüb.

2011-ci ildə dünyanın 104 aparıcı ölkə teatrlarının üzv olduğu Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi