Dünyanın ilk Xalça Muzeyindən - REPORTAJ

Dünyanın ilk Xalça Muzeyindən - REPORTAJ Qarabağ otağı, 400 illik xalça, bığ qabları...
İncəsənət
5 May , 2017 15:31
Dünyanın ilk Xalça Muzeyindən - REPORTAJ
Report.az

Bakı. 5 may. REPORT.AZ/­­­ Bu gün - 5 may Azərbaycanda Xalçaçı Günü kimi qeyd olunur. "Report" bu münasibətlə Azərbaycan Xalça Muzeyindən reportaj hazırlayıb.

Azərbaycan Xalça Muzeyi dünyada yaradılan ilk xalça muzeyidir. 1967-ci ildə yaradılan muzeyin ilk ekspozisiyasının açılışı 1972-ci ildə İçərişəhərdə yerləşən "Cümə" məscidində olub. Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra isə Muzey Mərkəzinə köçürülüb. Hazırda bükülmüş xalçanı xatırladan yeni binasında yerləşir.

Alətlər

Binaya daxil olarkən bizi bələdçimiz, Xalça Muzeyinin mətbuat katibi Sadiqə Abdullayeva qarşıladı. Foyenin böyük bir hissəsində satışda olan suvenirlər, xalçalar və zinət əşyaları yerləşir. Digər hissəsində isə kiçik kafe xidmət göstərir. Kafedə qiymətlər 1-5 AZN aralığındadır. Muzeyə çanta və ya üst geyimlə daxil olmaq qadağandır. Bunun üçün də girişdə xüsusi şkaflar və qarderob yerləşir.

Bələdçimiz ilə birgə qalxırıq muzeyin birinci mərtəbəsinə. Muzeydə xalçalar xovlu və xovsuz olmaqla iki növə ayrılır. Xalçalardan əvvəl onların hazırlanması üçün lazım olan alətlər qarşımıza çıxdı. Burada yunu təmizləmək üçün daraqlar, toxuma zamanı lazım olan qayçılar, yunu ip halına salmaq üçün cəhrə və xalçanın toxunulduğu xana yerləşir. Divarda iplərin rənglənməsində istifadə olunan bitki və böcək rəsmləri təsvir olunub. Həmçinin, müxtəlif qəbir daşları və tunc dövrünə aid olan qablar Azərbaycan xalçaçılığının qədimliyini sübut edir.

Kilim, çuğ, məfrəş, heybə, qədim dövrün çantaları

Xalçaların bir növü olan kilimlərin bölgələrə uyğun olaraq özünəməxsus naxışlarına, ölçülərinə görə tamamilə fərqli olublar. Bələdçimiz bildirdi ki, onları birləşdirən yalnız bir cəhət var: “Kilimlər rənglərinə görə də müxtəlifdirlər. Onları yalnız bu romba bənzəyən naxış birləşdirir. Bu naxış “Kilim gülü” adlanır”.

Muzeydə nəinki xalçalar, həmçinin, çul, məfrəş, heybə kimi xalça məmulatları da yerləşir. Sadiqə Abdullayeva qeyd etdi ki, bunlardan müxtəlif məqsədlərlə istifadə olunurdu: “Atların üzərinə sərilən bu əşya çul adlanır. Bunlardan heyvanları isti saxlamaq və gözəl görünməsi üçün istifadə olunurdu. Məfrəşdən isə köçəri insanlar istifadə edirdi. Onlar köç zamanı əşyalarını bunun içinə yerləşdirirdilər. Onun bir qədər kiçiyi xurcun, daha kiçiyi isə heybə adlanır. Bunlar bir növ indiki çantaları xatırladır. Köç zamanı insanların qurduqları alaçıqların da burada təsvirini görmək mümkündür. Köçəri insanlar alaçıqların döşəməsini qurmaq üçün həsir və xalçalardan istifadə edirlər”.

Simvollar

Muzeydə xalçaların üzərində ən çox rast gəlinən simvollar heyvan simvollarıdır. Bələdçimizin sözlərinə görə, onlar arasında üstünlüyü dəvə simvolları təşkil edir: "Dəvələrlə yanaşı, əjdaha, müxtəlif növ quşlar və digər heyvanların da əksini görə bilərsiniz. Əjdahalı xalçalardan əsasən Qarabağ, Qazax və Naxçıvan bölgələrində istifadə olunurdu. Əjdaha elementinin Azərbaycana gəlib çıxması isə Böyük İpək Yolu vasitəsilə olub. Əjdaha ilə yanaşı, Böyük İpək Yolu ilə daxil olan simvollardan biri də alovdan yenidən doğulan Feniks quşudur. Bununla yanaşı, xalçalarda həndəsi simvollar, 90-dan çox növü olan buta, 4 ünsür (od, hava, torpaq, su) və bitki təsvirlərindən də çox istifadə olunub”.

7 regionun 7 fərqli xalçası

Muzeyin ikinci mərtəbəsində Azərbaycanın 7 bölgəsinə məxsus olan xalçaların tarixi barədə məlumat aldıq. Qarabağ, Gəncə, Qazax, Bakı, Təbriz, Quba və Şirvana məxsus xalçaların hər birinin özünəməxsus naxışları onları bir-birindən fərqləndirir: “Quba xalçalarına xarakterik element qayçı, buynuz olduğu halda, Bakı xalçalarına məxsus elementlər üzüm yarpaqlarıdır. Naxışlar əsasən həmin bölgələrin təbiətini və adət-ənənəsini əks etdirir”.

Muzeyin ən böyük xalçası

Muzeyin ən böyük xalçası 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunan "Şeyx Səfi” xalçasının təkrar nüsxəsidir. Xalçanın əsli Londonda saxlanıldığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə təkrar nüsxəsi yaradılıb. Onun uzunluğu 11 metrdir.

“Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. "Şeyx Səfi" xalçası 1892-ci ildə Londonda “Vincent Robinson&Co.” şirkəti tərəfindən ticarət evində satışa çıxarılıb. Muzeyin William Morris adlı dizayneri bu xalçanın möhtəşəm olmasını Viktoriya və Albert muzeyinin rəhbərliyinə çatdırıb və onun mütləq muzeydə olmasının vacibliyini qeyd edib. Xalça baha olduğundan rəhbərlik vəsait üçün londonlulara müraciət edib. Əhalidən yığılan pul ilə xalça alınıb.

Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir.

Qarabağ otağı, 400 illik xalça

İkinci mərtəbədə ziyarətçilərdə Qarabağ evlərinin təəssüratını yaratmaq üçün kiçik bir güşə hazırlanıb. Sadiqə Abdullayeva bildirdi ki, bu guşə “Qarabağ otağı” adlanır: “Bu guşə Qarabağ xalçalarının necə olması, sərilmə qaydasını göstərmək üçün hazırlanıb. Çünki Qarabağda böyük ölçüdə və müxtəlif növlərdə xalçalar hazırlanırdı. İçəridə Qarabağ evlərində olan bəzi əşyalar da yerləşdirilib. Bura muzeydə ziyarətçilər tərəfindən maraqla qarşılanan guşələrdən biridir”.

Qarşımıza şüşə içərisində qorunan xalça da çıxdı. Bələdçimiz məlumat verdi ki, bu, muzeyin ən qədim xalçasıdır: “XVII əsrə aid olan bu əsər “Əjdahalı xalça” adlanır. Korlanmaması üçün vakum şəraitində saxlanılır. Xalça muzeyə amerikalı kolleksioner, mərhum Qrover Şiltsin xanımı Beverli Şilts tərəfindən hədiyyə verilib. Təxminən 400 yaşı var” .

Bığ qabları

Muzeydə xalçalarla yanaşı, məişətdə istifadə olunan qədim qablar, pul kisələri, zinət əşyaları, milli geyimlər kimi əşyalar da mövcuddur. Bığ qabı adlandırılan kisə isə marağımıza səbəb oldu. Bələdçimiz söylədi ki, bu əşyalar qədimdə gündəlik məişətdə sıx istifadə olunurdu: “Bığ qabından kişilər yatdıqları vaxt istifadə edirdilər. Onlar saqqallarını və ya bığlarını bu qablara yerləşdirərək yatırdılar. Bununla da səhər oyananda saqqalları və bığları səliqəli görünürdü".

Qarşımıza yemək bişirmək üçün istifadə olunduğunu təxmin etdiyimiz qab çıxdı. Ancaq Sadiqə Abdullayeva bildirdi ki, bu qablardan xanımlar hamamda zinət əşyalarını istifadə etmək üçün yararlanıblar. Muzeydə sərgilənən milli geyimlər sırasında kəlağayilərin xüsusi yeri var.

Dünya əsərlərində Azərbaycan xalçaları

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Bunlardan məşhurları XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə" xalçası, alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib. Sadiqə Abdullayevanın sözlərinə görə, dünyada ən çox Gəncə, Qazax və Quba bölgələrinə aid xalçalar daha çox tanınırdı: “Azərbaycanın bir çox ölkələrlə olan əlaqələri sayəsində xaricə xalçalar, ipək parçalar aparılırdı. Bununla yanaşı, xalça və xalça məmulatlarının digər ölkələrə aparılmasında dərvişlərin də böyük rolu olub” .

Toxucu olmaq üçün bu işi sevmək lazımdır

Üçüncü mərtəbədə muzeyin toxucusu Ulduz Nəcəfova ilə qarşılaşdıq. İsmayıllı rayonunun Lahıc kəndindən olan 55 yaşlı toxucu bu peşəni uşaqlıqdan öyrəndiyini söylədi:  Evdə böyüklərdən görüb öyrənmişəm. Bu iş üçün həvəs, sevgi lazımdır. Xalçanı toxuduqca çıxan ornamentlər, rənglər insana zövq verir”. Onun sözlərinə görə, kiçik suvenir məqsədilə hazırlanan xalçalar 1 saat 30 dəqiqə vaxt aparır. Ancaq 1 metr 30 santimetrlik xalçalar təqribən üç aya başa gəlir. Burada hazırlanan xalçalar isə muzeyin girişindəki guşədə satılır.

Toxuculuq dərsləri

Muzeydə toxuculuğun sirlərini öyrənmək, bu sənətə yiyələnmək istəyən insanlar üçün toxuculuq dərsləri keçirilir. Bələdçimizin sözlərinə görə, dərslərə hər yaş qurupundan insanlar qatılır: “Tələbələrimiz müxtəlif yaşlarda olur. Onlar arasında qadınlar üstünlük təşkil etsə də, bu sənətə maraq göstərən yetərincə kişi tələbələrimiz də var. Hətta bir dəfə muzeyə baxmaq üçün Rusiyadan neft sahəsində işləyən bir şəxs gəlmişdi. Xalçalarla tanış olduqdan sonra toxuculuğu öyrənmək qərara gəldi. Biz ona sürətləndirilmiş master-klass dərslər təklif etdik. O, qısa müddətdə toxumağı öyrəndi, hətta özü ilə də suvenir xalça toxuyub apardı. Bizdə 8 dərsin qiyməti 50 manatdır. Dərsin biri saat yarım çəkir. Tələbələrin öyrənməsi isə onların əl qabiliyyətlərindən asılıdır. Əgər tələbə xırda toxuculuq, bəzək vurma işlərini görməyi bacarırsa, digərlərinə nisbətən daha sürətli öyrənəcək” .

Müasir dövrün inciləri

Muzeydə Lətif Kərimov, Kamil Əliyev, Eldar Mikayılzadə kimi toxucuların xalçaları da sərgilənir. Burada ən çox diqqət çəkən əsərlərdən “Səttarın arzuları”, “Leyli və Məcnun” və “Yaranış” xalçasıdır. Bu xalçalar üzərində işləmələrin sayı o qədər çoxdur ki, insan əl işi olduğuna şübhə ilə yanaşır.

Muzeyi gəzdikcə müxtəlif yerlərdə xalçalar haqqında məlumat verən monitorlar yerləşdirildiyini müşahidə etdik. Bələdçilər əsasən rus və ingilis dillərində xidmət göstərirlər. Bələdçimiz vurğuladı ki, gün ərzində muzeyə 250-300 arası ziyarətçi gəlirsə, İslam oyunları ilə əlaqədar bu rəqəmin 500 olacağı gözlənilir.

Uşaq şöbəsi

2009-cu ildə muzeyin daxilində Azərbaycanda ilk və yeganə olan Uşaq Muzeyi şöbəsi yaradılıb. Şöbə fəaliyyəti xalçaçılıq, toxuculuq, rəsm, kukla teatrı kimi müxtəlif səpkilərdən ibarətdir.

Şöbənin mudiri Azər Abdullayev şöbədə hər sahənin öz peşəkarının olduğunu bildirdi: “Biz təbliğat məqsədilə məktəblərdə əlaqələr qururuq. Burada məqsəd həm muzeyi tanıtmaq, həm də uşaqları tariximizlə yaxından tanış etməkdir. Biz özümüz kuklalar hazırlayır və səhnəciklər təşkil edirik. Onu da qeyd edim ki, bizim teatrımız peşəkar Kukla Teatrından fərqli olsa da, biz yenilik etmişik. Belə ki, peşəkar teatrda arxa fonu rəssamlar işlədiyi halda, bizim səhnəciklərdə fon canlı gedir. Bu tamaşanı daha da maraqlı edir”.

O qeyd etdi ki, toxuculuq uşaqlara kiçik xanalarda öyrədilir: “Toxuculuq dərsləri çox vaxt muzeyin ziyarətə açıq yerlərində keçirilir. Əcnəbi qonaqlar bu uşaqları görəndə çox təəccüblənirlər. Uşaqlar arasında sənəti davam etdirmək istəyənlər də olur”.

Son xəbərlər

Orphus sistemi