Yuxarı
    Bağlamaq

    “Dovşanın ad günü” tamaşasının yeni quruluşda premyerası keçiriləcək

    Tamaşa uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunub

    Bakı. 26 yanvar. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında “Dovşanın ad günü” tamaşasının yeni quruluşda premyerası keçiriləcək.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaqlar üçün nəzərdə tutulan tamaşa 2000-ci ildə səhnələşdirilsə də, səhnə əsərinə yenidən quruluş verilib. 

    Məlumata görə, görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunan tamaşa əsaslı bərpa olunaraq yenidən repertuara daxil edilib.

    X.Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.

    Tamaşada mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın musiqisindən istifadə olunub. Səhnə əsərində əsas rolları aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcək.

    Əsər tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edir.

    Qeyd edək ki, tamaşa əvvəlki quruluşda 120 dəfə nümayiş etdirilib. Səhnə əsərinin yeni variantının premyerası yanvarın 28-də saat 12.00 və 14.00-da, məktəblilərin qış tətili ərəfəsində baş tutacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi