Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümü başa vurub

Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümü başa vurub “Tıq-tıq və Taq-taqın nağılı” teatrın bu mövsümdə son tamaşası olub
İncəsənət
14 İyul , 2015 19:58
Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümü başa vurub

Bakı. 14 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 84-cü teatr mövsümünü başa vurub.

Məhsuldar və uğurlarla bol teatr mövsümünə tamaşaçılara milli və dünya dramaturgiyasından seçilmiş 4 fərqli tamaşa, teatrın nəzdindəki “Oyuq” teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert və tamaşa təqdim edən sənət ocağının yaradıcı heyəti qarşıdakı mövsümdə də tam gücü ilə çalışaraq fərqli səhnə işlərini təqdimata hazırlaşır.

Bunu mövsümün sonu ilə bağlı hesabat xarakterli çıxışında teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə deyib.

Teatrın direktoru yeni səhnə əsərləri, festivallar və sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka, xüsusən ölkəmizdə keçirilən I Avropa Oyunları münasibətilə həyata keçirilən tədbirlərdə - kuklaların tərtibatı və rəssam işlərində yaxından iştiraka görə əməkdaşlara təşəkkürünü bildirib.

Çıxışdan sonra balaca tamaşaçılar və digər qonaqların iştirakı ilə “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxış olub.

Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edib.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib. 

Son xəbərlər

Orphus sistemi