Bakı. 2 aprel. REPORT.AZ/ "Debüt" studiyası yeni filmin çəkilişlərinə başlayır.
"Report" xəbər verir ki, aprelin ilk ongünlüyündə çəkilişlərinə start veriləcək kinoalmanaxın şərti adı "Bakı gecələri" adlanır. Kinoalmanaxa 5 novella daxildir. Hər novella qısametrajlı film kimi ekranlaşdırılacaq. Qısametrajlı filmlərin hər birinin xronometrajı 8-10 dəqiqə olacaq.
Kinoalmanaxın çəkilməsinin əsas məqsədi Bakı şəhərini tərənnüm etmək, Bakının gözəlliklərini, xüsusilə şəhərin gecə mənzərəsini nümayiş etdirməkdir. Kinoalmanaxın çəkilişləri aprelin sonunda bitəcək.
Qeyd edək ki, kinoalmanaxa daxil olan 5 novellanın ssenari müəllifi İlqar Fəhmidir.
Qısametrajlı filmləri gənc rejissorlar Rövşən Ağayev, Xədicə Qarayeva, Kəmalə Zəkiyeva, Gündüz Əliyev və Cabir Hacıyev ekranlaşdıracaq.
Filmlərin quruluşçu operatoru Yuri Varnovskidir.