Yuxarı

"CinemaPlus"un daha 5 kinoteatrı açılacaq

Ölkənin ən böyük kinoteatrını CinemaPlus idarə edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"un idarəetməsinə daha 5 yeni kinoteatr daxil ediləcək. Bu barədə "Report"a kinoteatrın baş direktoru Zaur Dərabzadə məlumat verib.

Onun sözlərinə görə, bu il Gəncə şəhərində regionun ilk kinoteatrı istifadəyə veriləcək: "Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib. Bu il üçün açılması planlaşdırılan növbəti kinoteatr "Gənclik Mall" Ticarət Mərkəzində yerləşir ki, orada 9 zal olacaq. Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan Mall"da da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub".

Baş direktor onu da əlavə edib ki, 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb.

Baş direktor bildirib ki, onlar daha beş kinoteatr açmaqla bağlı təşəbbüsü Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi" haqqında fərmandan sonra irəli sürüb. "Yeri gəlmişkən, insanların asudə vaxtlarını yaxşı keçirməsinə dəstək olmaq üçün "CinemaPlus"un idarəçiliyindəki kinoteatrlarda qiymətlər əlverişli olacaq", - deyə Z.Dərabzadə əlavə edib.

Qeyd edək ki, dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan iqtisadi problemlər fonunda restoran və kafe kimi daha çox xərc tələb edən yerlərə getməkdənsə, insanlar "CinemaPlus"un təklif etdiyi münasib şərtlərdən faydalanaraq mədəni istirahət edə biləcək.

Xatırladaq ki, hazırda "CinemaPlus" yalnız "28 Mall" Ticarət Mərkəzində fəaliyyət göstərir.

Keçən il dekabrın 17-də 3 il fəaliyyət göstərən "28 Cinema"nın adı dəyişdirilərək "CinemaPlus" olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi