Yuxarı

Ceyhun bəy Hacıbəylinin doğum günüdür

Hacıbəylilər nəslinin daha bir tanınmış nümayəndəsinin dünyaya gəlməsindən 124 il ötür

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün yazıçı, salnaməçi, jurnalist, görkəmli ictimai-siyasi xadim, Hacıbəylilər nəslinin nümayəndəsi Ceyhun bəy Hacıbəylinin doğum günüdür.

"Report" xəbər verir ki, C.Hacıbəylinin dünyaya gəlməsindən 124 il ötür.

Ceyhun bəy Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada dünyaya gəlib. O, Üzeyir bəy Hacıbəylinin qardaşıdır. Hələ gənclik illərindən qəzet səhifələrində yazıları çap olunub.

Onun yaradıcılığı toplanmadığından və tədqiq olunmadığından,  mühacirətə qədərki əsərləri qəzet səhifələrindəcə dağınıq vəziyyətdə qalıb. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınayır, amma sonralar o, felyeton yazmır. Onun felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanski" imzası ilə çap olunub.

Ceyhun bəy sonrakı illərdə fəaliyyətini məhsuldar şəkildə davam etdirərək maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında xeyli məqalələr yazır və onları cap etdirir. Mühacirətdən əvvəl "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C.Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıq fəaliyyətindən uzun müddət uzaqlaşır.

Ceyhun bəyin həyatının sonrakı dövrləri Fransa ilə bağlıdır. Müharicirətdə olan Ceyhun bəy Hacıbəyli Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq edib, "La Revul des Deux Mende" adlı jurnallarda çalışıb, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub.

Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı dövrdə əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni əsirgəməyib.

1962-ci ildə Fransada vəfat edən Ceyhun bəyin məzarı Parisdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi