"Cəngi" estrada-folklor ansamblı Qazaxıstanda çıxış edib

"Cəngi" estrada-folklor ansamblı Qazaxıstanda çıxış edib Festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdən musiqiçilər qatılıb
İncəsənət
14 İyun , 2016 18:40
Cəngi estrada-folklor ansamblı Qazaxıstanda çıxış edib

Bakı. 14 iyun. REPORT.AZ/ Qazaxıstan paytaxtında “Astana axşamları” beynəlxalq musiqi festivalı keçirilib. Festivalda ölkəmizi əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada-folklor ansamblı təmsil edib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Cəngi" ansamblı "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi və Qazaxıstanın Deqdar" fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında festivalda iştirak edib.

Bu ilki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdən musiqiçilər qatılıb.

Ötən il festivalın təşkilatçıları Azərbaycanda səfərdə olub, etno-caz kollektivlərinin çıxışlarını izləyib və “Cəngi”nin iştirakı məqsədəuyğun hesab edilib. Əməkdar artist Mircavad Cəfərov festivalın bağlanış gecəsində çıxış etdiklərini deyib: "Konsertdə Qazaxıstanın “Magic of nomads” etno-caz qrupu da bizimlə eyni səhnəni bölüşdü. Hər iki kollektiv qarşılıqlı olaraq Azərbaycan və qazax musiqisindən bir nümunəni interpretasiya etdi. Qazaxların “Yapurayi” və bizim “Ay bala gəlin” mahnımızın (musiqisi Şahin Əbdülkərimovun, sözləri Molla Cümənindir) sintezi çox maraqlı alındı”.

Qazaxıstan səfərində “Cəngi”nin solisti Arzu Həsənli, Prezident təqaüdçüsü Mircavid Cəfərov, əməkdar artistlər Ruslan Hüseynov (bas-gitara), Kamran Kərimov (nağara), İsgəndər Ələsgərov (zərb alətləri), Coşğun Sadiqov (balaban), Lütfiyar Əliyev (saksofon), Tural Qasımlı və Vasif Hüseynli (piano) Azərbaycan caz musiqisi ənənələrini qazax dinləyicilərin diqqətinə çatdırıblar. 

Konsertdə Qazaxıstanın mədəniyyət xadimləri, bu ölkədəki səfirliyimizin nümayəndələri və diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi