Yuxarı

Aktrisa: "Əgər indi qiymət vermirlərsə, öləndən sonra deyilən xoş sözlər nəyimə gərəkdir" - MÜSAHİBƏ

Məleykə Şahmərdanova: Çəkilişlərin birində evdən təcili xəbər gəldi ki, uşağın yanıb

Bakı. 5 may. REPORT.AZ/ Musiqili Komediya Teatrının keçmiş aktrisası, gözəl səsə malik yaraşıqlı xanım Məleykə Şahmərdanova bir zamanlar tamaşaçılara yaxşı tanış idi.  O, öz dövrünün görkəmli teatr və kino aktrisası olub. Uzun illər teatr və kino sahəsində çalışıb, bir-birindən maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən filmlər bu gün də sevilir, maraqla izlənilir, insanların yaddaşında qalır. Aktrisanın yaratdığı unudulmaz obrazlardan biri də "Ulduz" filmindəki Nazilədir. Sonralar ailə həyatı qurduğuna görə, sənətinə fasilə verib. "Report" Məleykə Şahmərdanova ilə müzahibəni təqdim edir. 

- Məleykə xanım, 86 yaşda özünüzü necə hiss edirsiz? 

- Sağ olun, pis deyiləm. Keçmiş günlərimi yada salıb, yaşayıram. İnsanların yaddaşında qalmışam, unutmayıblar. Bu gün də küçəyə, şəhərə çıxanda məni tanıyırlar, qucaqlayıb öpürlər, xoş sözlər deyirlər. Jurnalistlər də, unutmur, tez-tez zəng edirlər. 

Ömrümü Azərbaycan kinosuna, teatrına, incəsənətinə həsr etmişəm. Amma əməkdar artist də deyiləm. İndi televiziyalar "Ulduz" filmini tez-tez nümayiş edirlər. Ağlaya-ağlaya izləyirəm. O filmdə baş rolu oynayanlardan 5 nəfər xalq artistidir, Suğra Bağırzadə isə əməkdar artistdir. Mənim isə adım-sanım yoxdur. Min şükür, uzun ömür yaşadım. Mənimlə həmyaşıd olan, vaxtilə birlikdə işlədiyim, ünsiyyətdə olduğum insanların çoxu dünyasını dəyişib. Mən də bu dünyadan köç edəcəm. Amma dünyadan bu formada-adsız-sansız, çəkdiyim əmək, xidmətlərim qiymətləndirilmədən köçmək istəmirəm. 

- Sizin kino və teatr sahəsində uğurlarınızı yaxşı təhsil almağınızla bağlamaq olarmı? 

- Gözəl təhsil almışam, əla qiymətlərlə oxumuşam. Musiqi kollecində oxuyanda Süleyman Ələsgərov deyirdi ki, sənin bir dənə də dördün yoxdur, hamısı beşdir. Operada "Arşın mal alan" operattasında Telli rolunu oynayanda o dövrün solistləri mənə heyran qalmışdılar. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışmağa başladım. Amma hələ müharibə illərində də teatrda fəaliyyət göstərirdim. Arxa cəbhədə çalışdığıma, oxuduğuma görə medal da almışam. İndi xalq artisti, əməkdar artist olan aktyorlar, aktrisalar, əməkdar incəsənət xadimləri kinoya, teatra məndən sonra gəldilər. Amma bu gün mən evdar qadınam, evdar qadın kimi təqaüd alıram. 

- Çalışdığınız illərdə nə qədər filmə çəkilmisiniz? Ən çox sevdiyiniz, yaddaşınızda dərin iz buraxan obrazınız hansıdır? 

- "Ulduz", "Onu bağışlamaq olarmı", "Qəribə əhvalat", "Var olun, qızlar". Bu filmlər yaradıcılığımın kiçik hissəsidir. Ömrümün böyük yarısı Musiqili Komediya Teatrında, Opera Teatrında keçib. Neçə-neçə gözəl rollar oynamışam. "Onu bağışlamaq olarmı" çəkildiyim ilk film oldu. O zamanlar indiki kimi deyildi. Çətin şərtlər altında çalışırdıq, bütün günümüzü, gücümüzü yaradıcılığa həsr edirdik. Şəxsi həyatımıza, ailəmizə vaxt ayıra bilmirdik. Oğlumu evdə qoyub işə gedirdim. Çəkilişlərin birində evdən təcili xəbər gəldi ki, uşağın yanıb. Bədbəxt hadisə baş vermişdi və oğlum yanmışd. Təsəvvür edin, nə vəziyyətə düşdüm. Evə necə gəldim, Allah bilir. Həkimlərin köməyi ilə uşağı xilas edə bildik. 

- Sizi çoxları "Ulduz" filmindəki Nazik obrazı ilə tanıyır. Hamının sevdiyi bu filmin ərsəyə gəlməsində hansı çətinliklər olub, kadrarxası hansı maraqlı hadisələr baş verib?

- "Ulduz" çəkildiyim ikinci filmdir. Həmin dövrdə övladlarımın 4 və 5 yaşları vardı. "Ulduq" Astaranın Ərçivan kəndində lentə alınırdı. Uşaqları özümlə aparmağa məcbur oldum. Orada qalmağa mehmanxana yox idi. Bir yandan filmə çəkilirdim, digər tərəfdən isə uşaqlarımın qayğıları ilə məşğul olurdum, onlara baxırdım, gəzintiyə, dənizdə üzməyə aparırdım. Qaldığım otağın suyu yox idi. Çətin şəraitdə filmə çəkilir və yaşayırdıq. 

"Ulduz" filminin çəkilişlərində çətin, həm də maraqlı hadisələr çox olub. Mənim Hacıbaba Bağırovla ilə tvist rəqsi oynayan səhnəm, hamının yadındadır. Həmin səhnə çəkiləndə, böyük oğlum Zeynal çəkiliş meydançasında idi. Mən oynayanda o, da rəqs edirdi. Hər dəfə oynayıb kadra daxil olurdu və hər şeyi korlayırdı. Rejissor yenidən çəkiliş etmək məcburiyyətində qalırdı. Üç dəfə stop deyildi. Sonunda çəkə bildik. İkinci oğlum Çingiz isə kənarda dayanıb bizə baxırdı. Həmin həyətdə su quyusu var idi. Çəkiliş gedəndə Çingiz quyudan su çıxarılan vedrə ilə oynamağa başladı. İpə bağlı vedrəni quyunun içinə o qədər salıb çıxardı ki, axırda vedrə ipqarışıq başına dəydi. Huşunu itirmişdi. İndi bu əhvalatlar mənə gülməli gəlir. O vaxt isə elə qorxmuşdum ki. 

İki uşaq anası üçün aktrisalıq etmək böyük məsuliyyətdir. Kənardan baxana bu sənət asan gəlir. "Ulduz" kinosunda mən, Lütfəli Abdullayev və Nəsibə Zeynalova öz səsimiz ilə danışır, həm də oxuyuruq. Qalan bütün aktyorları dublyaj ediblər. Mən o filmdə çəkilməyimə baxmayaraq, bu yaxınlarda bilmişəm ki, "Ulduz" da Hacıbaba Bağırovun oynadığı obrazı Məlik Dadaşov səsləndirib. Sənətkarlığa diqqətin edin. Görün necə təbii alınıb. 

- Məleykə xanım deyirsiniz ki, sizi unutmayanlar, xatırlayanlar çoxdur. Kimlər yanınıza gəlir, kimlər zəng edir?

- Unutmayanlar həqiqətən çoxdur, sağ olsunlar, Jurnalistlər zəng edirlər. Görkəmli diktorlarımız Roza Tağıyeva, Ofeliya Sənani, Bakı Musiqi Akademiyasının rektoru, xlaq artisti Fərhad Bədəlbəyli zəng edirlər, səhhətimlə maraqlanırlar. Unutmur məni. Fərhadın atası ilə Musiqili Komediya Teatrında birlikdə çalışmışıq. Şəmsi müəllim o zaman direktorumuz idi. Bu yaxınlarda televiziyadan Roza Zərgərli məni axtardı. Verilişinə dəvət etdi. Amma getmək istəmədim. Danışmaq çətindir mənə. Kövrəlirəm, əsəbləşirəm. Ona görə də, heç kəslə görüşmək istəmirəm. Mən öləndən sonra haqqımda yaxşı sözlər deyəcəklər. Əgər indi qiymət vermirlərsə, öləndən sonra deyilən sözlər nəyimə gərəkdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi