Cəfər Cabbarlının ev muzeyində yubiley tədbiri keçirilib

Cəfər Cabbarlının ev muzeyində yubiley tədbiri keçirilib Cabbarlı ocağının yadigarı Gülarə Cabbarlının 85 yaşı tamam olub
İncəsənət
20 Fevral , 2015 19:14
Cəfər Cabbarlının ev muzeyində yubiley tədbiri keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın görkəmli dramaturqu, yazıçı Cəfər Cabbarlının ev muzeyində, dahi dramaturqun yeganə yadigarı Gülarə Cabbarlının 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Gülarə Cabbarlının övladları Bəhlul və Qəmər Cabbarlılar, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Teatr Xadimləri İttifaqının sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemət, xalq artistləri Rafiq Əzimov, Məleykə Əsədova, Mərahim Fərzəlibəyov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı açıb. Bu günün Gülarə xanımın bayramı olduğunu deyən Qəmər Seyfəddinqızı Cabbarlı ocağının son yadigarının yubileyinin adına layiq keçirildiyini vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev nazir Əbülfəs Qarayevin şəxsi təbrik məktubunu oxuyub və nazirlik adından Gülarə xanıma 500 manat məbləğində pul mükafatını təqdim edib.

TXİ-nın sədri Azərpaşa Nemət bildirib ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına, Azərbaycan teatrına çox ölməz əsərlər bəxş edib, amma onun ən qiymətli əsəri Gülarə Cabbarlıdır.

Xalq artisti Məleykə Əsədova C.Cabbarlının əsərlərində oynamaqdan hər zaman qürur hissi keçirdiyini deyib.

Tədbir poeziya nümunələri və musiqi parçaları ilə davam edib. 

Qeyd edək ki, Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Hazırda Prezident təqaüdçüsüdür.

Son xəbərlər

Orphus sistemi