Yuxarı

Cəfər Cabbarlı mükafatı qaliblərə təqdim olunub - FOTO

Gənc Tamaşaçılar Teatrında təqdimat mərasimi keçirilib

Bakı. 24 may. REPORT.AZ/ Cəfər Cabbarlı mükafatının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, Gənc Tamaşaçılar Teatrında təşkil edilən mərasimdə qaliblərə mükafatlar təqdim olunub. 

Xalq şairi Nəriman Həsənzadə, xalq artisti Fuad Poladov, professor Rauf Sadıxov, xalq artisti Mələkxanım Əyyubova, yazıçı-publisist Sadıq Elcanlı, professor Gültəkin Mirqasımova, diktor Eldost Bayram "C.Cabbarlı-2016" mükafatına layiq görülüblər.

Mükafat Komissiyasının xüsusi diplomu isə Dünya Məktəbinin rəhbəri Nailə İsayevaya, Dünya Məktəbi Teatrının bədii rəhbəri Murad Allahverdiyə, teatrşünas Çingiz Ələsgərliyə, C.Cabbarlı Ev Muzeyinin baş fond mühafizi Sənubər Əhmədovaya təqdim olunub. 

Mükafatı qaliblərə Cəfər Cabbarlının ev muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı təqdim edib.

Təqdimat mərasiminə C.Cabbarlının qızı Gülarə Cabbarlı da qatılıb. 

Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə görə, mükafata layiq görülən xalq şairi Nəriman Həsənzadə C.Cabbarlı ailəsi ilə dostluğundan danışıb və Gülarə Cabbarlıya həsr etdiyi kövrək şeiri səsləndirib.

Azərbaycanın teatr sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək mükafata layiq görülən xalq artisti Fuad Poladov C.Cabbarlı dramaturgiyası əsasında səhnəyə qoyulan tamaşalarda çıxış etmək arzusunun olduğunu deyib: "Mənə hər zaman elə gəlib ki, Cəfər Cabbarlını həyatda görmüşəm, onunla ünsiyyətim olub. Yəqin bu ondan irəli gəlir ki, mənim atam Cəfər Cabbarlının adını daşıyan 161 saylı məktəbin direktoru olub. Həmin məhəllədə yaşamışıq. İndi də metronun Cəfər Cabbarlı stansiyasından çıxıb işə gedirəm, evə qayıdıram. Bir dəfə Cabbarlını yuxuda gördüm. Gördüm ki, teatrda onun otağına gəlirəm. Cəfər Cabbarlıya deyirəm ki, mənim yaşım 70-ə yaxınlaşıb. Sizin yazdığınız əsərlərdə çıxış edə bilmədim. Aydını oynamaq istəyərdim daha gecdir, Oqtay Eloğlu oynamaq istəyərdim gecdir, heç olmasa mənim bu yaşıma uyğun bir əsər yazsaz, çıxış edərdim. Bu xahişi yuxuda Cabbarlıya etdim. Amma çox istəyərdim, yaxın gələcəkdə Cəfər Cabbarlının əsərlərinin birində çıxış edəm".

Təqdimat mərasimində C.Cabbarlının həyat və yaradıcılığına həsr edilən videoçarx nümayiş edilib. Cabbarlının Bakıda ucaldılan möhtəşəm abidəsinin müəllifi Mirəli Mirqasımovun mükafatı, böyük memarın həyat yoldaşı Gültəkin Mirqasımovaya təqdim edilib. G.Mirqasımova həyat yoldaşının bu abidənin Bakıda ucaldıla bilməsi üçün çəkdiyi əziyyətlərdən danışıb. 22 illik məşəqqətli mübarizədən sonra ulu öndər Heydər Əliyevin sayəsində abidənin Bakıda ucaldıldığını deyən Gültəkin Mirqasımova çoxlarının bu abidənin müəllifinin kim olduğunu bilmədiyini söyləyib. 

Təqdimat mərasimi ədəbi-bədii kompozisiya ilə davam edib.

Qeyd edək ki, mükafat ilk dəfə C.Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. 

Xatırladaq ki, “Cəfər Cabbarlı Mükafatı”nın ilk baş qalibi C.Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə, 2-ci yerin qalibləri “ən yaxşı kişi və qadın obrazları” nominasiyasında “Sevil” operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov və Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi